Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov Torontoda keçirilən “Kanada İnvestisiya Sammiti 2026”da iştirak edib və qlobal institusional investorlar, eləcə də dövlət rəsmiləri ilə silsilə görüşlər keçirib.
Fonddan verilən məlumata görə, Sammitdə uzunmüddətli kapitalın səfərbər edilməsi, məhsuldar aktivlərə investisiyaların artırılması və iqtisadi dayanıqlılığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində Kanadanın aparıcı investorları (CDEV, CPP Investments, PSP Investments), Ontario əyalətinin rəhbərliyi və İndoneziyanın nümayəndə heyəti ilə görüşlər təşkil edilib. Müzakirələrdə Kanadanın investisiya mühiti, strateji layihələrə dövlət və özəl kapitalın cəlbi, həmçinin enerji keçidi və infrastruktur sahələrindəki perspektivlər diqqət mərkəzində olub.
Həmçinin “Brookfield” rəhbərliyi, Yaponiyanın GPIF və Malayziyanın EPF fondları ilə keçirilən görüşlərdə qlobal özəl bazarlardakı investisiya mühiti, real aktivlərə kapital qoyuluşu, portfelin şaxələndirilməsi və ARDNF ilə birgə yeni investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparılıb.