Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən Qusar rayonunun Cağar kəndində yerləşən “Qusar Aqropark”ın rezidenti “Fresh Garden Quba” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim edilib.
Nazirlikdən verilən məlumata görə, hazırda 77 hektar ərazini əhatə edən “Qusar Aqropark”da alma, nektarin, şaftalı və gilas bağlarından ibarət superintensiv təsərrüfat salınıb. Mərhələli inkişaf planına əsasən, bağ sahələrinin 110 hektaradək genişləndirilməsi, meyvə çeşidlərinin artırılması, həmçinin 6 500 ton tutumlu müasir soyuducu anbarın və saatda 12 ton məhsul çeşidləmə və qablaşdırma gücünə malik xəttin qurulması nəzərdə tutulur.
Ölkədə fəaliyyət göstərən aqroparklar bitkiçilik, heyvandarlıq, emal və qablaşdırma üzrə ixtisaslaşaraq geniş çeşiddə kənd təsərrüfatı məhsulları istehsal edir. İstehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlara çıxarılır.