Bu ilin yanvar-iyun ayları üzrə ölkənin xalis xarici maliyyə aktivləri 3,3 milyard ABŞ dolları artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin 6 ayı üzrə Tədiyə balansı hesabatında bildirilir.
Bu göstərici xaricə yönəldilən birbaşa investisiyalar (4,3 milyard dollar), portfel investisiyaları (-0,3 milyard dollar) və digər investisiyalar (-0,7 milyard dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə 0,3 milyard dollar artıb ki, bu da xaricdən cəlb olunan birbaşa investisiyalar (-0,1 milyard dollar), neft bonusu (0.4 milyon dollar), portfel investisiyaları (-2 milyard dollar) və digər investisiyalar (2,4 milyard dollar) hesabına formalaşıb.
Birbaşa xarici investisiyalar üzrə xalis xarici maliyyə aktivləri 4,3 milyard dollar artıb, xalis xarici maliyyə öhdəlikləri isə 0,1 milyard dollar azalıb. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunan sərmayələrin ümumi məbləği 3,7 milyard dollar, xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyaların həcmi isə 5 milyard dollar olub. Ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 76,1 faiz təşkil edib. Qiymətləndirmələrə görə, qeyri-neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyaların ümumi məbləği 19,6 faiz artaraq 0,9 milyard dollar olub ki, bunun da bir hissəsi (0,3 milyard dollar) ölkə iqtisadiyyatına gəlirlərin təkrarən investisiyası ilə bağlı olub.