"Fitch Ratings" SOCAR-ın kredit reytinqini təsdiqləyib

2026.09.15 11:34 (UTC+04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitent defoltu reytinqini (IDR) və birinci dərəcəli təminatsız borc reytinqini “BBB-“ səviyyəsində təsdiqləyib. Uzunmüddətli IDR üzrə proqnoz “Sabit”dir.

SOCAR yüz faiz dövlət mülkiyyətindədir, bu səbəbdən dövlətlə əlaqəli qurumların (GRE) qiymətləndirilməsi meyarlarına əsasən, onun reytinqi Azərbaycanın suveren reytinqinə (“BBB-“, proqnoz “Sabit”) bərabərləşdirilib. Bu qərar sistemli dövlət dəstəyi (maliyyə zəmanətlərinin, subsidiyaların və kapital qoyuluşlarının təqdim edilməsi), həmçinin şirkətin milli neft-qaz layihələrinin əsas operatoru kimi mühüm sosial rolu ilə əsaslandırılır.

Bununla yanaşı, “Fitch” borc yükü göstəricilərinin yaxşılaşması fonunda SOCAR-ın müstəqil kredit profilini (SCP) “bb-“ səviyyəsindən “bb” səviyyəsinə yüksəldib. SCP qiymətləndirməsinə şirkətin inteqrasiya olunmuş biznes modeli və güclü maliyyə profili müsbət təsir göstərir.

Mənbə: "Fitch Ratings"