Azərbaycan Turizm Bürosu Səudiyyə Ərəbistanında “Almosafer Academy” proqramı çərçivəsində müxtəlif təlimlər keçirəcək. Dövlət Turizm Agentliyindən bildirilib ki, 10 həftə davam edəcək proqram Krallığın aparıcı səyahət xidmətləri platforması olan “Almosafer” şirkətinin təşəbbüsü ilə baş tutacaq. Təlimlərin keçirilməsinin əsas məqsədi Səudiyyə Ərəbistanının istedadlı gənclərini turizm sənayesinə cəlb etmək və turizm üzrə məsləhətçilərin yeni nəslini yetişdirməkdir.
Proqram iştirakçıları nəzəri biliklərlə yanaşı, müxtəlif tanışlıq səfərləri və destinasiya təlimlərində iştirak edərək praktiki bacarıqlar da əldə edəcəklər. Azərbaycanın geniş turizm imkanlarının tanıdılmasına, həmçinin Səudiyyə Ərəbistanı Krallığından ölkəmizə gələn turist sayının artırılmasına müsbət təsir göstərəcək təlimlərin təşkilatçılarından biri də Azərbaycan Turizm Bürosudur.
Layihədə Dubay Turizm Təbliğat Bürosu, Mavriki Turizm Təbliğat Bürosu, Bəhreyn Turizm və Sərgilər Bürosu kimi qurumlar da iştirak edəcəklər.