Ölkədə əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edilib

2026.09.15 10:12 (UTC+04:00)

Azərbaycan Standartlaşdırma İnstitutu təhlükəli iş şəraitində çalışan işçilərin sağlamlığının qorunması, istehsalat xəsarətləri və peşə risklərinin azaldılması məqsədilə əməyin təhlükəsizliyi sahəsində 22 yeni dövlət standartı qəbul edib.

Yeni standartlar hündürlükdən yıxılmaya qarşı təhlükəsizlik kəmərləri və iplərini, kimyəvi, radioaktiv və elektrostatik təsirlərdən qoruyan geyimləri, sürüşməyə, mexaniki təsirə və vibrasiyaya qarşı xüsusi ayaqqabıları əhatə edir. Sənədlərdə həmçinin lazer gözlükləri, səs-küy əleyhinə qulaqlıqlar, tənəffüs filtrləri, eləcə də təmiz otaqlar və nəzarət edilən mühitlərin layihələndirilməsi və sınaq üsulları üzrə vahid tələblər müəyyən olunub.

Sözügedən dövlət standartları layihələri AZSTAND tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin bazasında təsis edilən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.