“AzerGold” QSC-nin sədri Zakir İbrahimov və “Kyrgyzaltyn” ASC-nin sədri Kubat Abdraimov arasında Bişkekdə keçirilən görüşdə iki ölkənin dağ-mədən sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
QSC-dən verilən məlumata görə, Zakir İbrahimov şirkətin müasir geoloji-kəşfiyyat təcrübəsini bölüşərək, Mərkəzi Asiyada fəaliyyəti genişləndirməyin strateji hədəf olduğunu və birgə layihələrin icrasına hazır olduqlarını vurğulayıb.
Kubat Abdraimov ölkəsindəki mədən islahatlarından danışaraq Azərbaycan tərəfinin əməkdaşlıq təkliflərini müsbət qiymətləndirib.
Yekunda tərəflər yeni yataqlar üzrə birgə müəssisələrin yaradılması, investisiya modellərinin tətbiqi və gələcək praktiki layihələrin maliyyələşdirilməsi istiqamətində müzakirələri davam etdirməyə razılaşıblar.