Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib

2026.09.11 17:30 (UTC+04:00)

Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkişafını və qlobal çağırışlara hazır olmasını təmin etmək məqsədilə qərara alınıb ki, “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı” təsdiq edilsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir.

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.