Azərbaycanda innovativ ideyalarını biznesə çevirən yerli startaplar “Startap” şəhadətnaməsinin yaratdığı vergi üstünlüklərindən yararlanaraq inkişaflarını sürətləndirirlər. Bu yaxınlarda şəhadətnamə almış “COO”, “İşBurda” və “ixtisas.info” kimi layihələr üçün bu, maliyyə yükünün azalması ilə yanaşı, süni intellekt həllərinin inkişafı və yeni bazarlara çıxış üçün əlavə imkanlar yaradır.
Vergiyə qənaət olunan vəsaiti birbaşa məhsulun təkmilləşdirilməsinə, texnoloji infrastrukturun gücləndirilməsinə və komandaların genişləndirilməsinə yönəldən təsisçilər növbəti mərhələdə daha böyük hədəflərə fokuslanırlar. Onlar yerli bazarda mövqelərini möhkəmləndirməklə yanaşı, innovativ həllərini beynəlxalq bazarlara çıxararaq qlobal rəqabətə qoşulmağı hədəfləyirlər.
Kiçik və orta bizneslər üçün vahid idarəetmə sistemi
“COO” Azərbaycandakı bizneslərin gündəlik fəaliyyətini sadələşdirmək və avtomatlaşdırmaq məqsədilə yaradılıb. Platforma kiçik və orta sahibkarlıq subyektləri üçün satış, kassa, anbar və CRM (Müştəri münasibətlərinin idarə edilməsi) kimi əsas idarəetmə proseslərini vahid sistemdə birləşdirir. Layihənin təsisçisi Mircəlal Məmmədovun sözlərinə görə, başlıca hədəf sahibkarın qiymətli vaxtını mürəkkəb proqram sistemlərinə deyil, birbaşa biznesin inkişafına yönəltməsini təmin etməkdir. Hazırda 20-dən çox aktiv müştərisi olan “COO”, xüsusilə mağaza və pərakəndə satış sahəsində fəaliyyət göstərən sahibkarların işini əhəmiyyətli dərəcədə asanlaşdırır.
M.Məmmədov bildirib ki, komandası Azərbaycana uyğun mərkəzi barkod məlumat bazası qurur. Bununla da sahibkar barkod yazanda məhsulun bütün məlumatlarını avtomatik əldə edə biləcək.
Platformanın gələcək planları yalnız daxili bazarla məhdudlaşmır. Təsisçi qeyd edib ki, layihəni müxtəlif ölkələrə rahatlıqla uyğunlaşdırıla bilən qlobal platformaya çevirmək istəyirlər. Bu istiqamətdə ilk addım olaraq Gürcüstan bazarı nəzərdən keçirilir, növbəti mərhələdə isə Afrika ölkələrində “COO” modelinin tətbiq imkanları araşdırılacaq.
M.Məmmədov “Startap” şəhadətnaməsini layihəyə verilən rəsmi qiymət kimi şərh edib və bunun inkişaf mərhələsində əlavə imkanlar açdığını vurğulayıb. Onun sözlərinə görə, bu güzəştlər məhsulu böyütmək və xarici bazarlara çıxmaq baxımından geniş imkanlar yaradır. Şəhadətnamə sayəsində qənaət olunan vəsait isə əsasən platformanın texnoloji inkişafına, avtomatlaşdırma və süni intellekt həllərinin gücləndirilməsinə, eləcə də yeni funksiyaların yaradılmasına yönəldiləcək. Əsas məqsəd bu resursları yenidən məhsula yatıraraq daha çox biznesə maksimum fayda verməkdir.
İş axtarışını asanlaşdıran yeni texnoloji həll, vakansiyanı xəritə üzərindən seçmək imkanı
“İşBurda” layihəsi iş axtarışı və işə qəbul prosesini müasir texnologiyalar vasitəsilə daha sürətli və rahat həyata keçirmək məqsədilə yaradılıb. Təsisçi Aqil Qumuxov bildirib ki, tətbiqin əsas ideyası işaxtaranlarla işəgötürənləri vahid rəqəmsal platformada daha effektiv şəkildə bir araya gətirməkdir. Burada işəgötürənlər vakansiyalarını yerləşdirir, işaxtaranlar isə uyğun elanları taparaq birbaşa müraciət edirlər.
Platformanı fərqləndirən əsas xüsusiyyətlərdən biri vakansiyaların xəritə üzərində göstərilməsidir. İstifadəçi özünə yaxın ərazidə olan elanları xəritədən görüb, iş yerinin ünvanına əsasən seçim edə bilir. Bu imkan xüsusilə gündəlik gediş-gəliş məsafəsini nəzərə alanlar üçün prosesi xeyli asanlaşdırır.
Tətbiqdə müraciət statusunu izləmək də mümkündür. Belə ki, istifadəçi göndərdiyi müraciətin hansı mərhələdə olduğunu platforma üzərindən canlı görə bilir. A.Qumuxovun sözlərinə görə, “İşBurda” qısa müddətdə real istifadəçi və sahibkar auditoriyası formalaşdırıb. Hazırda 5.000-dən çox yüklənməsi olan tətbiqdən 300-dən çox sahibkar faydalanır.
Xəritə üzərindən axtarış, tətbiq daxilində müraciət və statusun izlənilməsi platformanın əsas üstünlüklərindəndir. Növbəti mərhələdə istifadəçi və sahibkar bazasını daha da genişləndirmək üçün platformanın funksionallığı artırılacaq, uzunmüddətli perspektivdə isə layihəni regional bazarlara çıxarmaq planlaşdırılır.
Gələcəkdə “İşBurda”nı sadəcə elan platforması deyil, tam rəqəmsal işə qəbul ekosisteminə çevirmək nəzərdə tutulub. İndiki mərhələdə istifadəçi təcrübəsinin yaxşılaşdırılması, işəgötürənlər üçün yeni idarəetmə imkanlarının əlavə edilməsi, xəritə funksiyasının inkişafı və vakansiya ilə namizəd arasındakı uyğunluğun daha effektiv müəyyənləşdirilməsi üzərində işlər gedir. Növbəti əsas istiqamətlərdən biri də süni intellekt əsaslı funksiyaların tətbiqidir. Məqsəd yalnız vakansiyaları göstərmək deyil, namizədin təcrübəsi, bacarıqları, yerləşdiyi ərazi və digər meyarlar əsasında ona ən uyğun iş imkanlarını önə çıxarmaqdır.
A.Qumuxov vurğulayıb ki, “Startap” şəhadətnaməsinin alınması layihənin innovativ potensialına verilən mühüm dəstək və etimaddır. Vergi güzəştləri maliyyə yükünü azaltmaqla yanaşı, qənaət olunan vəsatin birbaşa məhsulun inkişafına yönəldilməsinə imkan verəcək. Bu dəstək daha sürətli inkişafa, yeni texnoloji funksiyaların tətbiqinə və daha geniş auditoriyaya çatmağa şərait yaradacaq. Qənaət edilən vəsaiti əsasən məhsulun texniki inkişafına, xəritə və geolokasiya funksiyalarının təkmilləşdirilməsinə, süni intellekt əsaslı yeni imkanların hazırlanmasına və marketinq fəaliyyətinə yönəltmək planlaşdırılır. Bir sözlə, təsisçisinin sözlərindən aydın olur ki, vergi güzəştlərindən yaranan üstünlük cari xərclərə deyil, birbaşa “İşBurda”nın texnoloji inkişafına və böyüməsinə investisiya olunacaq.
Universitetlərə ixtisas seçimində məlumat çatışmazlığına son
Azərbaycanda abituriyentlərin ixtisas seçimi zamanı qarşılaşdıqları məlumat çatışmazlığı və qərarvermə çətinliyi artıq keçmişdə qalır. Yeni yaradılan “ixtisas.info” layihəsi sırf bu narahatlığı aradan qaldırmaq üçün yerli mütəxəssislər tərəfindən ərsəyə gətirilib. Layihənin təsisçisi Elmir Yunusov bildirib ki, platformanın hazırda ən çox tanınan istiqaməti abituriyentlər üçün universitet və ixtisas seçimidir. Sistem abituriyentin balına, ixtisas qrupuna, qəbul göstəricilərinə və digər meyarlara uyğun məlumatları vahid məkanda təqdim edərək daha əsaslandırılmış qərar verməyə kömək edir.
2026-cı ilin bakalavr ixtisas seçimi dövründə platformadan faydalanan abituriyentlər üzrə 100 faizlik yerləşmə nəticəsi göstərən “ixtisas.info” artıq real qəbul prosesində uğurla tətbiq olunur. Lakin bu, layihənin yalnız ilk mərhələsidir. Platforma gələcəkdə istifadəçilərin öz biliyini ölçə, çatışmayan mövzularını müəyyən edib öyrənə, testlərdən keçə, xarici dil bacarıqlarını yoxlaya və beynəlxalq sertifikatlara hazırlaşa biləcəyi altı mərhələli qlobal təhsil ekosisteminə çevrilməyi hədəfləyir.
İlkin mərhələdə diqqəti bakalavr, magistratura və subbakalavr səviyyələri üzrə düzgün seçimə yönəldən sistem, növbəti addımda istifadəçilərə əksəriyyəti pulsuz olan zəngin tədris materialları təqdim edəcək. Proses çərçivəsində tətbiq olunacaq simvolik ödənişli diaqnostik testlər bilik səviyyəsini ölçməklə yanaşı, zəif mövzuları da dəqiq üzə çıxaracaq. Eyni zamanda, xarici dil və danışıq bacarıqlarının qiymətləndirilməsi, eləcə də İT, proqramlaşdırma, maliyyə və biznes sahələrində beynəlxalq sertifikatlara hazırlıq imkanları yaradılacaq. Yekun məqsəd hər bir istifadəçinin ehtiyacını qarşılayan və ona fərdi inkişaf xəritəsi təqdim edən ağıllı təhsil platforması formalaşdırmaqdır.
E.Yunusov deyib ki, əsas ideya Azərbaycan üçün güclü və tam funksional təhsil ekosistemi yaratmaq olsa da, platformaya əlavə ediləcək yeni modullar – onlayn tədris, biliklərin qiymətləndirilməsi, fərdiləşdirilmiş tövsiyələr, dil bacarıqlarının yoxlanılması və beynəlxalq sertifikasiya funksiyaları yalnız ölkə daxili ilə məhdudlaşmır. Sistem elə inkişaf etdirilir ki, gələcəkdə müxtəlif ölkələrin təhsil və qəbul sistemlərinə uyğunlaşdırılsın. Bu çərçivədə ilk mərhələdə region ölkələrinə, daha sonra isə daha geniş beynəlxalq bazara çıxmaq imkanları nəzərdən keçirilir.
Komanda hazırda layihənin “Android” və “iOS” mobil tətbiqləri üzərində də işləyir. İxtisas seçimindən dərs materialına, testdən bilik analizinə, dil öyrənmədən beynəlxalq sertifikasiyaya hazırlığa qədər mümkün qədər çox təhsil xidməti bir ekosistemdə toplanacaq. E.Yunusov qeyd edib ki, layihənin rəsmi şəkildə innovativ biznes kimi qiymətləndirilməsi və “Startap” şəhadətnaməsinin alınması tərəfdaşlar, istifadəçilər və gələcək investorlar qarşısında əlavə etimad yaradır. Bu status yalnız vergi güzəşti deyil, layihənin daha sürətli böyüməsinə imkan verən əlavə resurs deməkdir. Qənaət olunan vəsait texnoloji infrastrukturun genişləndirilməsinə, mobil tətbiqlərin inkişafına, yeni tədris modullarının yaradılmasına, keyfiyyətli təhsil məzmununun hazırlanmasına, test və analitika sistemlərinin təkmilləşdirilməsinə, eləcə də komandanın genişləndirilməsinə yönəldiləcək.
Faiq KƏRİMOĞLU