Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. Bu şəraitdə cari ilin avqust ayında Mərkəzi Bank tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib. Qurumun məlumatına görə, nəticədə cari ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 3,8 mlrd. ABŞ dolları məbləğində və ya 33% artaraq tarixi maksimuma - 15,3 mlrd. ABŞ dollarına yüksəlib.
Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq.