Aqrar Subsidiya Şurasının 2026–2030-cu illər üzrə yeni dövlət dəstəyi mexanizmlərinə dair təsdiqlədiyi qərar kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq sahələrində məhsuldarlığı, rəqabətqabiliyyətliliyi və müasir texnologiyaların tətbiqini artırmağa yönəlmiş genişmiqyaslı dəyişiklikləri əhatə edir.
Sənədin əsas istiqamətləri və yeni subsidiya məbləğləri aşağıdakılardır:
- Taxıl və müasir suvarma: 22 ixtisaslaşmış rayonda müasir suvarma ilə buğda əkininə 400 manat/ha, ənənəvi/dəmyə əkininə isə 200 manat/ha subsidiya veriləcək. Noxud, lobya və paxlalılar üçün bu məbləğ 500 manat/ha, bostan bitkiləri üçün 310 manat/ha təşkil edəcək.
- Dağlıq rayonlar və Naxçıvan: Kartof və tərəvəz əkinlərində müasir suvarma tətbiq edildikdə 600 manat/ha, digər hallarda 400 manat/ha ödəniləcək.
- Lazer hamarlama: Minimum 5 hektar sahədə tətbiq edildikdə ilk il üçün buğda əkininə əlavə 250 namat/ha, pambıq əkininə isə 50 manat/ton əlavə məhsul subsidiyası veriləcək.
- Pambıqçılıq: Damcı suvarma istifadəçilərinə 300 manat/ton, sprinkler/pivot suvarmaya 215 manat/ton, ənənəvi suvarmaya 200 manat/ton ödəniləcək.
- Sərhədboyu əkinçilik: Sərhədyanı kəndlərdə fəaliyyət göstərən fermerlər üçün subsidiya əmsalı baza əmsalından 0,5 bənd yüksək olacaq.
- Avans ödənişi: 5-100 hektar sahəsi olan və reytinqi 30-dan yuxarı olan fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən ala biləcəklər.
Bağçılıq, istixanalar və ixrac bitkiləri
- İstixanalar: Örtük materialından və texnoloji nəsildən asılı olaraq 500 manat ilə 5000 manat/ha (4-cü nəsil şüşə örtüklü) arasında subsidiya tətbiq ediləcək.
- Yeni bitkilər və şərabçılıq: Aroniya bağları (7 500 manat/ha), efir yağı üçün qızılgül (6 000 manat/ha), butik şərabçılıq üçün super-intensiv (20 000 manat/ha) və intensiv (10 000 manat/ha) üzüm bağları subsidiyalaşdırılacaq.
- Sadələşdirilmiş şərtlər: Torpağın EC və virus analizi tələbi ləğv edilir. İntensiv zeytun bağlarında minimum sahə 5 hektara (Naxçıvanda 1 hektara) endirilir. Müxtəlif meyvələr üzrə yüksəklik məhdudiyyətləri yumşaldılır.
Heyvandarlıq, quşçuluq və balıqçılıq
- İntensiv iribuynuzlu təsərrüfatlar: 2026-cı ilin 1 oktyabr tarixindən sonra yaradılan təsərrüfatlarda südlük/südlük-ətlik cinslərə 1500 manat/baş, ətlik cinslərə 1000 manat/baş subsidiya ödəniləcək. Mövcud təsərrüfatlarda sağmal heyvanın cinsindən asılı olaraq 200-800 manat/baş subsidiya veriləcək.
- Kəsim və əlavə məhsullar: Diri çəkisi 600 kq-dan çox olan heyvanların kəsiminə hər kq üçün 0,40 manat veriləcək. Dəri üçün (3 manat iribuynuzlu, 0,30 manat xırdabuynuzlu) və yun üçün (0,30 manat/kq) məhsul subsidiyası tətbiq olunacaq.
- Süni mayalanma: Yerli cinslərin birinci nəsil buzovlarına 75 manat, sonrakı nəsillərə 150 manat, embrion köçürməyə 250 manat veriləcək.
- Milli at cinsləri: "Qarabağ" və "Dilbaz" atları üçün yaşından və təyinatından asılı olaraq ildə 600–1000 manat arası ödəniş ediləcək.
- Xırdabuynuzlu və örüşlər: Azı 100 ha örüşü və 500 baş heyvanı olan təsərrüfatlara hər heyvan üçün 4 manat veriləcək.
- Balıqçılıq və quşçuluq: Qızılbalıq və nərəkimilərə 2000 manat/ton, çəki və naxakimilərə 600 manat/ton ödəniləcək. Naxçıvanda hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat subsidiya ayrılacaq.
Emal sənayesi və toxumçuluq
- Süd: Emal müəssisələrinə təhvil verilən xam südün litrinə 7 qəpik (kooperativlər üçün əlavə 20 faiz) ödəniləcək.
- Xammal təhvilinə dəstək: Texniki üzüm (50 manat/ton), zeytun (30 manat), xurma (50 manat), badam (30 manat), pivəlik arpa (50 manat), qızılgül (100 manat) və dəyirmanlara verilən lazer hamarlamalı buğdaya (40 manat) subsidiya nəzərdə tutulur.
- Toxumçuluq: Super-elit buğda/arpa toxumçularına yüksək (yerli 470 manat, xarici 300 manat) əmsalla dəstək veriləcək. Sertifikatlı toxum tələbi 5 hektara endirilir və gələcəkdə bu tələbə əməl etməyənlərin subsidiyası kəsiləcək.
Texnika, sığorta və sertifikatlaşdırma
- Güzəştlər: Kombaynlar, lazer hamarlayıcılar, günəş panelləri üçün güzəşt 50 faizə, yerli damcı suvarma sistemlərinə 60 faizə qaldırılır.
- Beynəlxalq sertifikatlar: Global G.A.P., FSSC 22000 və s. alınması üçün 7 000 – 36 000 manat arasında dəstək veriləcək.
- Sığorta: Əkin subsidiyası üçün minimum sahə 7 hektar müəyyən edilib və sığortalanmalı bitkilərə günəbaxan da əlavə olunub. Yeni bağlar azı 3 il sığortalanmalıdır.
2027-cü il üzrə bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiya əmsalları və məbləğlərinə dair məlumata əlçatanlıq üçün ətraflı məlumat www.akia.gov.az saytına və kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri www.dxr.az saytına yerləşdiriləcək.