Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

2026.09.04 11:07 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, baş nazirin müavini Samir Şərifov Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə görüşüb.

Tərəflər Qazaxıstan-Azərbaycan əməkdaşlığının ticarət-iqtisadi, nəqliyyat-logistika, investisiya və digər sahələrdə mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Xüsusilə Ələt limanında birgə intermodal terminalın tikintisi, Qazaxıstan lokomotivlərinin və vaqonlarının Azərbaycana tədarükü, Qazaxıstanın ehtiyacları üçün Bakı Gəmiqayırma Zavodunda gəmilərin inşası, Hövsan limanında birgə Bakı Taxıl Terminalının fəaliyyətinin bundan sonrakı inkişafı, Qazaxıstan enerji daşıyıcılarının Azərbaycan ərazisindən tranzitinin artırılması və digər aktual məsələlərə toxunulub.

2024-cü ildə yaradılan birgə investisiya fondundan istifadə etməklə birgə layihələrin həyata keçirilməsi, iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Tərəflər vurğulayıblar ki, birgə istehsalatların yaradılması ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına da töhfə verəcək.

Görüşün yekununda tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyib, həmçinin yaxın perspektiv üçün planları müzakirə ediblər.

Qazaxıstanın Azərbaycandakı səfirliyi