Əvvəlki yanaşmada əmək məzuniyyətinin rəsmiləşdirilməsi, bir qayda olaraq, işçinin ərizəsi əsasında həyata keçirilirdi. İndi isə Əmək Məcəlləsinin 138.2-1-ci maddəsi işçinin məzuniyyətə göndərilməsi ilə bağlı xüsusi bir istisna yaradır.
İşəgötürən aşağıdakı şərtlər daxilində işçini əmrlə, sərəncamla və ya qərarla məcburi qaydada əmək məzuniyyətinə göndərə bilər:
1. Əmək məzuniyyətlərinin növbəlilik cədvəli mövcuddursa;
2. İşçinin məzuniyyət vaxtı həmin cədvələ uyğun olaraq müəyyən edilibsə;
3. İşəgötürən işçiyə əvvəlcədən yazılı xəbərdarlıq edib;
4. İşçi həmin tarixdə məzuniyyətə çıxmaq əvəzinə başqa vaxta keçirilməsi üçün qanuni qaydada müraciət etməyib;
5. İşçi əmək məzuniyyətindən istifadə etmək üçün ərizə verməyib.
Bu şərtlərdən biri mövcud olarasa, işəgötürənin ayrıca işçi ərizəsini gözləməsinə ehtiyac yoxdur və əmrlə işçini həmin iş ilinin əmək məzuniyyətinə göndərə bilər.
Misal: Tutaq ki, şirkətdə 2026-cı il üçün məzuniyyət növbəlilik cədvəli hazırlanıb. Cədvələ əsasən, işçi Əli Məmmədovun (ad, soyad şərtidir) 1 iyuldan 30 iyuladək əmək məzuniyyətində olacağı göstərilib. İşəgötürən Əliyə yazılı şəkildə bildirir ki, “sizin əmək məzuniyyətiniz 1 iyul 2026-cı il tarixindən başlayır”.
Əli isə nə həmin tarixdə məzuniyyətə çıxmaq üçün ərizə verir, nə də məzuniyyətin başqa vaxta keçirilməsi üçün müraciət edir. Yeni qaydaya əsasən, işəgötürən əmr verərək Əlini 1 iyuldan məzuniyyətə göndərə bilər.
Bəs işçi məzuniyyətə çıxmaqdan imtina edərsə, işəgötürən necə davranacaq?
Burada vacib məqam var. Əmək məzuniyyəti işçinin sadəcə istədiyi vaxt istifadə edə biləcəyi və ya istəmədiyi halda illərlə təxirə sala biləcəyi hüquq kimi nəzərdə tutulmayıb. Əmək Məcəlləsinin 135-ci maddəsinə görə, işəgötürənin işçiyə əmək məzuniyyəti verməməsi də qadağandır. Məcəlləyə əlavə edilən yeni 138.2-1-ci maddənin məqsədlərindən biri də işçinin məzuniyyətdən istifadə etməməsi nəticəsində illərlə istifadə edilməmiş məzuniyyət günlərinin yığılmasının qarşısını almaqdır.
Bu halda, işəgötürən istədiyi gün işçini məzuniyyətə göndərə bilər?
Xeyr. Bu dəyişiklik işəgötürənə istədiyi vaxt işçini məzuniyyətə göndərmək hüququ vermir.
Ən mühüm məqam budur. Əmək Məcəlləsinin 138.2-1-ci maddəsində söhbət əmək məzuniyyətinin növbəlilik cədvəlinə və məzuniyyətin başqa vaxta keçirilməsi qaydalarına əməl edilməsindən gedir. Üstəlik, Məcəlləsinin 133-cü maddəsinə əsasən, işin normal gedişini və məzuniyyətlərin uçotunu təmin etmək üçün yanvar ayının sonunadək növbəlilik cədvəli tərtib edilə bilər. Cədvəl həmkarlar ittifaqının iştirakı ilə, belə təşkilat olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. Əmək Məcəlləsinin 134-cü maddəsinə əsasən, əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.
Deməli, işəgötürən istədiyi gün qərar verib işçini, tutaq ki, gələn həftədən 30 günlük məzuniyyətə göndərə bilməz. İşəgötürən əvvəldən heç bir planlaşdırma və qanuni prosedur olmadan işçini məzuniyyətə göndərməməlidir.
Daha bir vacib detal: 5 gün qaydası
Qanunvericiliyin tələbinə görə, məzuniyyət barədə əmr məzuniyyətin başlanmasına azı 5 gün qalmış verilməlidir və işçi əmrlə tanış edilməlidir. Əmək Məcəlləsinin 138-ci maddənin 2-ci hissəsində bu tələb qüvvədə qalır. Tutaq ki, məzuniyyətin başlanması tarixi 20 avqust 2026-ci ildir. Bununla bağlı əmr ən geci 15 avqust 2026-cı il tarixdə verilməlidir. Yəni, işəgötürən 19 avqustda əmr verib “sabahdan məzuniyyətdəsən” formasında hərəkət etməməlidir.
Digər maraqlı məsələ işçinin ərizəsi olmadan əmrin verilməsi ilə bağlıdır.
Yeni sistemin mahiyyəti məhz budur. Əmək Məcəlləsinin 138.1-ci maddəsində göstərilib ki, 138.2-1-ci hissədəki hal istisna olmaqla bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Yəni, 138.2-1-ci hissə məhz ərizəsiz rəsmiləşdirmə üçün xüsusi istisnadır.
Beləliklə, adi halda:
İşçi ərizə verir → işəgötürən əmr verir → məzuniyyət.
Yeni xüsusi halda:
Növbəlilik cədvəli → işçiyə yazılı xəbərdarlıq → işçi məzuniyyətə çıxmaq/başqa vaxta keçirmək üçün ərizə vermir → işəgötürən özü əmr verir → işçi məzuniyyətə çıxır.