Ağdamın üç kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb

2026.09.02 11:52 (UTC+04:00)

Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə növbəti müraciətlərin qəbuluna başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qeyd olunan kəndlərdə məskunlaşan və yaşayan sakinlərdən sentyabrın 1-dən başlanan müraciətlərin qəbulu prosesi 2026-cı ilin oktyabr ayının 1-i, günün sonunadək davam edəcək.

Müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin oktyabr ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.