Ödənişlər mobil telefonlar vasitəsilə həyata keçiriləcək

2019.09.10 11:59 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası və "Visa İnc." beynəlxalq kart təşkilatı arasında rəqəmsal ödənişlərin inkişafına dair anlaşma memorandumu imzalanıb. Bu münasibətlə keçirilmiş mətbuat konfransında "Viza İnc." şirkətinin Cənub-Şərqi Avropa və MDB ölkələri üzrə baş meneceri Kristina Doros rəqəmsal ödənişlərin inkişafı sahəsində təşkilatın əsas prioritetləri, Azətbaycanda həyata keçiriləcək layihələr barədə məlumat verib. Bildirib ki, Palata ilə imzalanmış memorandum çərçivəsində mobil ödənişlərin tətbiqi sahəsində əməkdaşlıq ediləcək. Bundan əlavə, əhalinin maliyyə savadlılığının artırılması istiqamətində işlər görüləcək.

Palatanın Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisiTamerlan Rüstəmov “Viza Token” xidmətinin ölkəmizdə tətbiqinin rəqəmsal ödənişlərin inkişafında yeni bir mərhələ olduğunu vurğulayıb. Qeyd edib ki, yeni sistem ödənişlərin plastik kartlarla yanaşı, mobil telefonlarla həyata keçirilməsinə imkan verir.

Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, memorandum ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması, maliyyə inklüzivliyinin gücləndirilməsi və rəqəmsal ödənişlər sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də innovativ ödəniş həllərinin istifadəsinin genişləndirilməsini nəzərdə tutur.