Azərbaycanın turizm potensialı Qazaxıstan və Özbəkistanda təqdim olunub

2026.08.28 12:41 (UTC+04:00)

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 21-27 avqust tarixlərində Qazaxıstan və Özbəkistanda tanıtım xarakterli silsilə tədbirlər keçirilib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, 8 yerli turizm sənaye nümayəndəsi iştirak etdiyi tədbirlər Şımkent, Almatı, Astana və Daşkənddə keçirilib. 400-dən çox xarici tərəfdaşın iştirak etdiyi görüşlərdə ölkənin zəngin turizm imkanları təqdim olunub, işgüzar əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında Azərbaycana Qazaxıstandan gələnlərin sayı 5,5 faiz artaraq 62 079, Özbəkistandan gələnlərin sayı isə 40,2 faiz artaraq 42 288 nəfərə çatıb.