Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının (ASK) sosial tərəfdaşları olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində 12 aylıq subsidiya proqramına başlayıb. ASK-dan bildirilib ki, proqram iş təcrübəsi olmayan gənclərin məşğulluğunun artırılması, onların əmək bazarında layiqli yer tutmaları, işaxtaranlar və işəgötürənlərin təşviq edilməsi məqsədi daşıyır.
Bakının 12 rayonunu əhatə edəcək layihəyə əsasən, işəgötürənlər və BƏT arasında subsidiya müqaviləsi bağlanılır. Bunun əsasında işə götürülən hər bir gəncin 12 ay ərzində əməkhaqqının 50 faizi (vergilər və sosial sığorta haqları daxil olmaqla) işə götürənlərə subsidiya şəklində veriləcək. Proqramın sonunda hər rayon üzrə 4 nəfər olmaqla cəmi 48 nəfər işsiz və iş axtaran vətəndaş rəsmi əmək fəaliyyətinə cəlb ediləcək. Layihəyə iqtisadiyyatın qeyri-neft sektoru sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri müraciət edə bilərlər.
"Hər il Azərbaycanda 100-150 min gənc əmək bazarına daxil olur. Bunu nəzərə alaraq, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində aparılan məqsədyönlü siyasətin davamı kimi, bu proqram iş təcrübəsi olmayan gənclərə yeni bir imkan yaradılır. Həmçinin sahibkarlar bu proqram vasitəsilə işçiyə olan ehtiyacın qarşılanmasında əlavə maliyyə mənbəyi dəstəyi almış olacaq", - deyə ASK-ın məlumatında bildirilir.
Subsidiya proqramına qoşulmaq və proqramın şərtləri barədə ətraflı məlumat üçün aşağıda göstərilən linkdəki keçidə daxil olun: http://bit.ly/2lLPpNA