Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin sayı 31 faiz artıb

2026.08.25 11:33 (UTC+04:00)

Cari ilin yanvar–iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 4,7 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu vəsait 127 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 31 faiz artıb.

Qeyd edilən dövr ərzində maliyyələşdirilən layihələrin 89,8 faizi, güzəştli kredit məbləğinin isə 61,1 faizi Naxçıvan şəhərindən başqa digər rayon və kəndlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

Maliyyələşdirilmiş güzəştli kredit məbləğinin 54,1 faizi kənd təsərrüfatı, 18,2 faizi xidmət, 27,7 faizi isə sənaye sahələrinə yönəldilib. Kreditlər hesabına 154 yeni iş yerinin yaradılması imkanları mövcud olacaq.