Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha 4 beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
Qeydiyyata alınmış şirkətlər ABŞ-nin “Anthropic, PBC” və “Aghanim Inc.”, İsveçrənin “eBay Marketplaces GmbH”, eləcə də Niderlandın “Netflix International B.V.” şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Həmin şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biridir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.