2027-ci ilin 8–10 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində dağ-mədən sənayesi, ağır maşınqayırma və tikinti sahələrinin ən irimiqyaslı ixtisaslaşmış tədbiri olan "Azerbaijan Mining Expo" beynəlxalq sərgisi keçiriləcək.
“True Expo”nun məlumatına görə, sərgidə 5 mindən çox ziyarətçinin və 150-dən artıq eksponent şirkətin qatılacağı gözlənilir. Tədbirin işgüzar proqramı çərçivəsində 50-dən çox məruzəçinin iştirakı ilə tematik konfransların təşkili nəzərdə tutulur.
Xəzər regionunun dağ-mədən və tikinti sektorları üzrə aparıcı B2B platforması olan "Azerbaijan Mining Expo" qabaqcıl texnologiyaların nümayişi və strateji tərəfdaşlıq əlaqələrinin qurulması məqsədilə sənaye liderlərini, rəhbər heyəti və novatorları bir araya toplayır. Tədbirdə əsas diqqət dövlət dəstəyi ilə həyata keçirilən Azərbaycanın dağ-mədən və infrastruktur layihələrinin yüksək inkişaf potensialından səmərəli istifadəyə yönəldilir.
Sərgi sahələrində ağır texnika nümunələri, tikinti avadanlıqları, eləcə də faydalı qazıntıların hasilatı üzrə innovativ həll yolları nümayiş olunacaq. Ümumilikdə, bu tədbir dünyanın ən dinamik inkişaf edən bazarlarından birində işgüzar əlaqələrin genişləndirilməsi və biznesin davamlı inkişafı üçün mühüm perspektivlər açır.