Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin "ATV Səhər" proqramında şərhi Video

2019.01.09 18:40 (UTC+04:00)

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Nicat İmanov xidməti müqavilə ilə işləyənlərin vergi öhdəlikləri ilə bağlı sualları cavablandırıb.

Nicat İmanov müsahibəsində bildirib ki, vergi sistemində həyata keçirilən islahatların mərkəzində duran dəyişikliklərdən biri əmək münasibətlərinin şəffaflaşdırılması üçün atılan addımdır.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu il yanvarın 1-dən biznes subyektlərində və kommersiya təşkilatlarında fəaliyyət göstərən fiziki şəxslərin aldığı aylıq əməkhaqqı 8.000 manatadək olduqda onlardan gəlir vergisi 0 dərəcə ilə hesablanacaq. Halbuki əvvəllər 2.500 manatadək əməkhaqqıdan 14 faiz, 2.500 manatdan çox hissədən isə 25 faiz vergi tutulurdu. Edilmiş dəyişikliklərdə məqsəd faktiki əmək fəaliyyəti göstərib bunu rəsmiləşdirməyən şəxslərin rəsmi əmək münasibətlərinə cəlb olunmasını stimullaşdırmaqdır. Bununla sahibkara açıq mesaj verilir ki, nağd şəkildə əməkhaqqı ödəməsin və əməkhaqqının məbləğini tam şəkildə rəsmiləşdirsin. Bu, qeyri-rəsmi əməkhaqqı ödənişlərinin ağardılmasına xidmət edir.

Əmək müqaviləsi deyil, xidməti müqavilə əsasında çalışan işçilərə gəlincə, fərdi sahibkar digər sahibkara, yaxud hansısa hüquqi şəxsə xidmət göstərirsə, əvvəl 4 faiz sadələşdirilmuş vergi ödədiyi halda indi gəlir vergisinin ödəyicisi sayılır. Belə şəxslər ildə bir dəfə gəlir vergisi bəyannaməsi verəcək və il ərzində əldə etdiyi bütün gəlirindən sənədləşdirilmiş xərcini çıxdıqdan sonra yaranan fərqdən gəlir vergisi ödəyəcək.

Dəyişiklik doğru-dürüst tətbiq edilərsə, bu, ilk növbədə işçiyə, yəni xidmət göstərən tərəfə daha çox sərf edir. Çünki bu güzəştlərin nəticəsində xidmət göstərən şəxs birbaşa, yəni vergisiz gəlir əldə etmək imkanı qazanır. Bunun arxa fonunda daha bir güzəşt də var – sosial sığorta haqları. Əvvəllər işəgötürənlər hər işçiyə görə 22 faiz sosial sığorta haqqı ödəyirdisə, indi bu yük 15 faizə endirilib. İşçinin üzərinə düşən 3 faizlik yük isə 10 faizə qaldırılıb. Yəni sosial sığorta haqları üzrə yük işçi ilə işəgötürən arasında bölüşdürülüb.