“4Sİ Akademiyası - Milli Proqram”a 4 mindən çox yeni istifadəçi qoşulub

2026.08.05 17:38 (UTC+04:00)

“4Sİ Akademiyası - Milli Proqram”ın 3-cü mərhələsi çərçivəsində iyun ayından etibarən 4000-dən çox istifadəçi “Coursera” platformasından 6 həftə ərzində ödənişsiz istifadə imkanından faydalanıb. Bu müddətdə iştirakçılar ümumilikdə 31 mindən çox təlim üçün qeydiyyatdan keçib, 15 mindən artıq təlimi uğurla tamamlayıblar. Beləliklə, müraciət olunan təlimlərin tamamlanma faizi 48%-dən çox olub. Bu da analoji qlobal proqramlarla müqayisədə 3 dəfə yüksək nəticə deməkdir.

İştirakçıların ən çox tamamladığı təlimlər süni intellekt və maşın öyrənməsi, liderlik və idarəetmə, data analitikası, biznes və təhsil istiqamətlərinə aiddir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın məqsədi dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə, rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsinə və əmək bazarında rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək olmaqdır.

Dünyanın 380-ə yaxın aparıcı universiteti və texnologiya şirkəti tərəfindən hazırlanmış 21 mindən çox təlim istifadəçilər üçün əlçatandır. Həmin təlimlər Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London universitetləri, həmçinin “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və təhsil təminatçıları tərəfindən hazırlanıb. 3 250 təlim isə platformada Azərbaycan dilində altyazı ilə təqdim olunur.

Proqram dövlət və özəl sektor tərəfdaşlığı əsasında icra olunur. “Pasha Holding”, SOCAR, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın 3-cü mərhələsinin tərəfdaşlarıdır.

Yaşından və yaşadığı ərazidən asılı olmayaraq, istənilən Azərbaycan vətəndaşı https://form.4sim.gov.az/ linki vasitəsilə müraciət edib proqrama qoşula bilər.