İxrac potensialı və xarici bazarlarda rəqabət qabiliyyəti artacaq
Yeniliyə əsasən, dəstək məbləği iki meyar əsasında hesablanacaq. Bunlardan birincisi, ixrac olunan malın daşınması üçün çəkilmiş və nağdsız qaydada ödənilmiş xərclərin məbləğidir. İkinci kriteriya isə istifadə olunan nəqliyyat növündən asılı olaraq ixrac olunan malın gömrük dəyəridir. Daşıma dəmir yolu, hava, dəniz və ya Azərbaycan qeydiyyatlı yük maşınları ilə həyata keçirildikdə, nağdsız qaydada ödənilmiş daşıma xərclərinin 70 faizi qarşılanacaq. Daşıma xarici yük maşınları ilə həyata keçirildikdə isə bu göstərici 50 faiz təşkil edəcək. Eyni zamanda, kompensasiya üçün yuxarı hədd avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşınan mallar üzrə malın gömrük dəyərinin 15 faizi, dəniz nəqliyyatı ilə daşınan mallar üzrə isə 5 faizi həcmində müəyyən edilir. İxracatçıya bu iki göstəricidən daha kiçik olan məbləğ ödəniləcək.
E.Kərimli vurğulayıb ki, bu qərar ölkənin qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların ixrac potensialını və xarici bazarlarda rəqabətədavamlılığını təmin etməklə yanaşı, onlar üçün stimullaşdırıcı bir tədbir rolunu oynayacaq.
Yerli logistika şirkətləri üçün yeni gəlir imkanları
İqtisadçının sözlərinə görə, hazırda dünyada logistika və nəqliyyat xərclərinin artması qeyri-neft məhsullarının daşıma və maya dəyərini yüksəldib. Tətbiq olunan güzəştlər isə bu məhsulların maya dəyərini ucuzlaşdıracaq, qiymətlərin əlverişli olması sayəsində xarici bazarlarda rəqabət imkanlarını gücləndirəcək. Yekunda bu proses qeyri-neft sektorunun ixrac imkanlarını genişləndirəcək, sahə sahibkarlarına əlavə stimul verəcək və onların öz fəaliyyət dairələrini daha da böyütmələrinə şərait yaradacaq. E.Kərimli hesab edir ki, yenilik yerli nəqliyyat və logistika şirkətlərinin əlavə gəlir əldə etməsinə də şərait yaradacaq. Bu da ölkəmizdə sözügedən sahənin ümumi inkişafına və onun rəqabətqabiliyyətliliyinin artmasına mühüm təsir göstərəcək.
Naxçıvanın istehsal və ixracına yeni stimul
Fərmanda əksini tapan digər yeniliyə əsasən, Naxçıvan Muxtar Respublikasında (MR) istehsal edilən qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınmasına daxili daşıma dəstəyi göstəriləcək. Bu zaman sahibkarların nəqliyyata nağdsız xərclədiyi məbləğin 70 faizi dövlət tərəfindən kompensasiya olunacaq və ödənişlər sahibkarların rüblük müraciətləri əsasında İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
E.Kərimli bu məqamı şərh edərkən vurğulayıb ki, Naxçıvan uzun illər blokada şəraitində qaldığından, bu gün region iqtisadiyyatının güclü stimullaşdırıcı tədbirlərə böyük ehtiyacı var. O deyib ki, Naxçıvan MR-in coğrafi mövqeyi tranzit və logistika dəhlizlərinin kəsişməsində yerləşdiyi üçün son dərəcə əlverişlidir. Regionun Türkiyə, İran və Ermənistanla həmsərhəd olması, eləcə də Türkiyə üzərindən Avropa və Yaxın Şərq ölkələrinə birbaşa çıxış imkanı həm yerli istehsal, həm də geniş ticarət üçün böyük perspektivlər açır. İqtisadçının sözlərinə görə, tətbiq edilən nəqliyyat və logistika güzəştləri Naxçıvanda yeni sahibkarlıq sahələrinin formalaşmasına, biznesin inkişafına və Muxtar Respublikanın ölkənin digər regionları ilə inteqrasiyasına mühüm təkan verəcək. Belə güzəştlər bölgədə istehsalın stimullaşdırılması üçün real şərait yaradır.
Bu qərarın gələcəkdə Naxçıvan iqtisadiyyatının regional inkişafına ciddi töhfə verəcəyini vurğulayan E.Kərimlinin sözlərinə görə, dəstək mexanizmləri ərazinin istehsal potensialını yüksəldəcək, yeni istehsal sahələrinin yaranmasını sürətləndirəcək və ixracın həcmini əhəmiyyətli dərəcədə artıracaq.
Qeyd edək ki, mexanizmin tətbiqi ilə bağlı bir sıra detallar ayrıca normativ aktlarla müəyyən ediləcək. Buraya mənşə qaydası, dəstəyin şamil olunmadığı əməliyyatlar və şəxslər, dəstəklənəcək malların siyahısı, ölkə qrupları, müraciət və baxılma qaydaları, eləcə də multimodal daşımalar üzrə hesablama mexanizmi daxildir.
Faiq KƏRİMOĞLU