İcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir?

2026.08.13 09:35 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, "İcarə haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaqla bağlı tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.

Daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir, bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq, Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunan ödəmələr verən sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən, ödəmə mənbəyində gəlirdən vergi tutmadan həmin məbləği ödəyən fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəlləyə uyğun qaydada məsuliyyət daşıyırlar.

Sorğuda qeyd edilənlərə əsasən, icarə üzrə gəlirlərdən ödəmə mənbəyində verginin tutulmaması üzrə məsuliyyət həmin gəliri ödəyən şəxsin - yəni icarəçinin üzərinə düşür. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, bu pozuntuya yol verən vergi ödəyicisi (icarəçi) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası ilə üzləşə bilər. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergilər bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Əlavə olaraq bildirilib ki, icarə müqaviləsi notarial qaydada təsdiq edilmiş sənəddir. Əmlakı icarəyə verən tərəf onun hüquqlarını icarə əməliyyatında qoruyan sənədi imzalamaqdan imtina etməklə həmin hüquqların icra olunmasını risk altına qoyur. Məsələn, icarəçi obyekti yararsız hala gətirdikdə, icarə haqqını ödəmədikdə və ya icarəyə verənin tələbinə baxmayaraq obyekti boşaltmadıqda, icarəyə verənin icarə müqaviləsini təqdim edə bilməsi onun hüquqlarının müdafiəsi üçün zəruridir.

Əsas: "İcarə haqqında" Qanunun 7-ci, Vergi Məcəlləsinin 58-ci, 92-ci, 124-cü, 150-ci maddələri