KOB-ların gömrük yükü azalacaq
Yeniliyə əsasən, kompensasiyanın məbləği gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə dəyişəcək. Hər ixrac bəyannaməsi üzrə ödəniləcək kompensasiya məbləğinin yuxarı həddi müəyyən ediləcək. V.Bayramov qeyd edir ki, bu, ixracla məşğul olan sahibkarlar üçün yeni bir fürsətdir, çünki praktiki olaraq gömrük xərclərinin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi onlara xərclərinə müəyyən qədər qənaət imkanı verəcək.
Kompensasiyalar rüblük ödəniləcək
Dəstəyin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə tutulan gömrük yığımları artırılmayacaq. Kompensasiya məbləği isə ixracatçının müraciəti və təqdim etdiyi sənədlər əsasında hər rüb üzrə ixrac gömrük proseduru altında yerləşdirilmiş və faktiki ixrac olunmuş mallara görə hesablanacaq və həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək. Millət vəkili bildirib ki, yenilik yalnız Azərbaycan mənşəli qeyri-neft qaz məhsullarına tətbiq ediləcək və məhsulların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyənləşdiriləcək. O vurğulayıb ki, re-export (təkrar ixrac – red.) ilə məşğul olan sahibkarlar bu imkandan yararlana bilməyəcəklər.
KOB-ların yeni bazarlara çıxışı asanlaşır
Millət vəkilinin sözlərinə görə, yeniliyin əsas məqsədi kiçik və orta biznesin ixrac imkanlarını genişləndirmək, eyni zamanda ölkənin ümumi xarici ticarətində qeyri-neft-qaz sektorunun payını artırmaqdır. Bu gün KOB-ların ixrac potensialını gücləndirmək əsas prioritetlər sırasındadır. Məhz bu addım qeyri-neft-qaz ixracatının dayanıqlığını təmin edən vacib amillərdən biri hesab olunur. Çünki əsas hədəf bu sahədə uzunmüddətli və sabit artıma nail olmaqdan ibarətdir.
V.Bayramov deyib ki, bu yenilik mikro, kiçik və orta sahibkarların yeni xarici bazarlara çıxışını da asanlaşdıracaq. Qərar qeyri-neft-qaz sektoru üzrə ümumi ixrac həcmini artırmaqla bərabər, bu göstəricidə KOB-ların payının yüksəlməsinə də zəmin yaradacaq.
Faiq KƏRİMOĞLU