Cari ilin mart ayında fəaliyyətə başlayan “Gəncə KOB evi”ndə 1 iyul 2026-cı il tarixinədək sahibkarlara 2149 xidmət göstərilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, bu xidmətlərin 1842-si G2B, 307-si isə B2B xidmətlər olub.
Sahibkarların müraciətləri əsasən biznesin qurulması və inkişafı, yük və sərnişin daşımaları, mənşə sertifikatlarının alınması, poçt xidmətləri və digər məsələləri əhatə edib. Ən çox xidmət göstərən qurumlar aşağıdakılar olub:
Dövlət Reklam Agentliyi – 567 xidmət (26,38%)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – 506 xidmət (23,54%)
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 411 xidmət (19,12%)
"Azərpoçt" MMC – 217 xidmət (10,09%)
Qida Təhlükəsizliyi Agentliyi – 63 xidmət (2,93%)
"Gəncə KOB evi"nin xidmətlərindən Gəncə şəhəri ilə yanaşı, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarının sahibkarları da istifadə ediblər.
Ümumilikdə “Gəncə KOB evi”ndə sahibkarlara 18 dövlət qurumu və özəl təşkilat tərəfindən 80-dən çox xidmət təqdim olunur.