Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri sabit saxlanılıb

2026.07.31 12:29 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin sabit - 6,5 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Qərara əsasən, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində saxlanılır.

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb. Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin dəyişməz saxlanmasını şərtləndirir.

İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, ödənişli xidmətlər üzrə 5,6 faiz, qeyri-qida məhsulları üzrə isə 3,8 faiz olub. İllik baza inflyasiya 5,5 faiz təşkil edib.