2026-cı ilin ilk yarımilliyi üzrə vergi sistemində əldə edilmiş göstəricilər fiskal artımlarla yanaşı, iqtisadi fəallığın genişləndiyini və biznes mühitində aktivliyin təmin olunduğunu əks etdirir. Sahibkarlıq fəaliyyətinin genişlənməsi, rəqəmsal vergi inzibatçılığının dərinləşməsi və nağdsız dövriyyələrin artması ilk yarımilliyin əsas tendensiyaları kimi önə çıxır.
Cari ilin 1 iyul tarixinə Azərbaycanda qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb. İllik müqayisədə 5,1 faizlik artım iqtisadi fəaliyyətin yalnız mövcud bizneslərin böyüməsi hesabına deyil, həm də yeni sahibkarlıq subyektlərinin bazara daxil olması ilə genişləndiyini göstərir. Hüquqi şəxslərin sayında qeydə alınan 6,1 faizlik artım isə biznes mühitində institusional inkişafın davam etdiyini göstərən mühüm amildir. Bu tendensiya kommersiya qurumlarının qeydiyyat statistikası ilə də təsdiqlənir. Hazırda ölkədə fəaliyyət göstərən 210 mindən çox kommersiya qurumu mövcuddur ki, onların sayı son bir ildə 6,8 faiz artıb. Diqqət çəkən məqamlardan biri də yeni yaradılan müəssisələrin böyük əksəriyyətinin artıq tam rəqəmsal prosedurlarla qeydiyyatdan keçməsidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin 97 faizinin elektron qeydiyyatdan istifadə etməsi dövlət xidmətlərinin rəqəmsallaşmasının biznes üçün standart alətə çevrildiyini göstərir.
Hazırda ölkədə 210 mindən çox kommersiya qurumu
mövcuddur ki, onların sayı son bir ildə 6,8 faiz artıb
Vergi inzibatçılığında texnologiyanın rolu yalnız qeydiyyat mərhələsi ilə məhdudlaşmır. Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi hesablaşmaların real vaxt rejimində izlənməsinə imkan yaradaraq, dövriyyənin daha şəffaf uçotunu təmin edir. Hazırda ölkə üzrə 114 mindən çox belə aparat fəaliyyət göstərir və onların qeydə aldığı dövriyyə ilin ilk yarısında 14,8 milyard manata yaxınlaşıb. Bu göstəricinin bir il ərzində 15 faiz artması istehlak bazarında aktivliyin yüksəlməsi ilə yanaşı, “kölgə iqtisadiyyatı”nın həcminin azalmasını da göstərən mühüm indikatorlardan biri kimi səciyyələnir.
Nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində həyata keçirilən "ƏDV geri al" mexanizmi də iqtisadi fəaliyyətin şəffaflaşmasında ictimai iştirakçılığın təmin edilməsində mühüm rol oynayır. İlk altı ay ərzində istehlakçılara 104,3 milyon manat ƏDV qaytarılıb. Mənzil və qeyri-yaşayış sahələrinin alınması zamanı tətbiq olunan geriödəmə mexanizmi üzrə əlavə 17 milyon manatdan çox vəsait vətəndaşlara geri ödənilib. Xarici turistlər üçün tətbiq edilən "Tax Free" sistemi çərçivəsində isə 4,4 milyon manata yaxın ƏDV geri qaytarılıb. Bu rəqəmlər fiskal təşviqlərin istehlakçı davranışına real təsirini və şəffaflıq mexanizmlərinin effektiv nəticəsini nümayiş etdirir.
Yeni nəsil nəzarət-kassa aparatlarının qeydə aldığı
dövriyyə ilin ilk yarısında 14,8 milyard manata yaxınlaşıb
İqtisadi fəallığın artması aktiv vergi ödəyicilərinin statistikasında da əksini tapır. İlin əvvəlindən aktiv vergi ödəyicilərinin sayı 3,2 faiz, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,1 faiz artıb. Bu dinamika bazarda faktiki iqtisadi fəaliyyət göstərən subyektlərin sayının genişləndiyini göstərir və vergi bazasının keyfiyyətcə böyüməsindən xəbər verir.
Bütün bu göstəricilər dövlət büdcəsinə daxil olan vəsaitin həcminə də müsbət təsir göstərir. Belə ki, ilk yarımillikdə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 8,84 milyard manat vəsait daxil olub. Vergi daxilolmaları proqnozu 217,7 milyon manat üstələyib. Daha mühüm göstəricilərdən biri isə qeyri-neft-qaz sektorunda müşahidə olunur. Bu sektordan daxilolmalar 7,07 milyard manata çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artıb. Bu artım Azərbaycanın fiskal siyasətində uzun illər prioritet hesab edilən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatların nəticəsidir.
Nəticələr vergi siyasətinin yalnız fiskal gəlirlərin artırılmasına deyil,
eyni zamanda iqtisadiyyatın şəffaflaşdırılmasına, rəqabət mühitinin
yaxşılaşdırılmasına və dayanıqlı inkişafın dəstəklənməsinə xidmət etdiyini göstərir
Müsbət dinamika sosial sığorta daxilolmalarında da davam edib. 2026-cı ilin yanvar-iyun aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard manatdan çox olub, proqnozdan əlavə 189,9 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard manatı ötüb. Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 122,1 milyon manat olub, proqnozdan əlavə 6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 92,5 milyon manatı ötüb. İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 517,1 milyon manatdan çox olub, proqnozdan əlavə 13 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 337,4 milyon manatı ötüb. Məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə daxilolmaların hər üç istiqamətdə proqnozu üstələməsi əmək bazarında rəsmi məşğulluğun genişlənməsi və əməkhaqqı fondunun böyüməsi ilə uzlaşır.
Yeni nəsil rəqəmsal vergi alətlərinin tətbiqi, nağdsız hesablaşmaların təşviqi və vergi inzibatçılığının təkmilləşdirilməsi nəticəsində "kölgə iqtisadiyyatı"nın leqallaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Bu nəticələr vergi siyasətinin yalnız fiskal gəlirlərin artırılmasına deyil, eyni zamanda iqtisadiyyatın şəffaflaşdırılmasına, rəqabət mühitinin yaxşılaşdırılmasına və dayanıqlı inkişafın dəstəklənməsinə xidmət etdiyini göstərir. Müasir vergi sistemi artıq təkcə dövlət büdcəsinin gəlirlərini formalaşdıran mexanizm deyil, həm də investisiyaların təşviqi, sahibkarlığın inkişafı, iqtisadi fəallığın genişləndirilməsi və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması üçün mühüm təşviqedici qüvvədir və bu istiqamətdə həyata keçirilən islahatlar Azərbaycanın daha şəffaf, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi sistemə malik ölkə kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Gülay NƏBİYEVA