İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və fiziki şəxs həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalıdır.
Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, həmin maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olduqda həmin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.
Əlavə olaraq bildirilib ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahələri ilə də məşğul olduqda, 102.1.30-1-ci maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Sorğuya cavab olaraq bildirilib ki, fiziki şəxs kimi qeydiyyata alınan fərdi sahibkarın illik gəliri 45.000 manatı keçmədiyi halda, ona “3 muzdlu işçi” şərti şamil edilmir və fəaliyyəti Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunmuş reklam xidmətinə aid edildiyi halda 75 faiz güzəşt hüququndan yararlana bilər.
Həmçinin, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.
Sorğuya əsasən, gəlirlərinin yalnız “YouTube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyini nəzərə alaraq, həmin fiziki şəxsin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və həmin şəxs gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 102.1.30-1-ci, 218.5.10-cu maddələri