Azərbaycan neft hasilatı ilə bağlı "OPEC plus" üzrə götürdüyü öhdəliyi yerinə yetirib

2019.09.09 14:55 (UTC+04:00)

Azərbaycanda avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barel olub və bunun 686 min barelini xam neft, 63 min barelini kondensat təşkil edib. Gündəlik 501 min barel xam neft, 59 min barel kondensat, 4,5 min barel isə neft məhsulları ixrac edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib. Məlumata əsasən, cari ilin yanvar-avqust aylarında ölkədə orta gündəlik neft hasilatı 769 min barel təşkil edib. Energetika Nazirliyi avqust ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci il dekabrın 7-də "OPEC plus" üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq bəyannaməsi"nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin birinci rübünün sonunadək uzadılıb.