SOCAR-ın 2026-cı ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb

2026.07.27 16:49 (UTC+04:00)

2026-cı ilin ikinci rübündə SOCAR tərəfindən həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3 faiz artaraq 24 min metrə çatıb. SOCAR-ın məlumatına görə, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,7 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artaraq 12,8 milyard kubmetr təşkil edib. Ümumilikdə, cari ilin ikinci rübündə Azərbaycanda 6,6 milyon tondan çox xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edilib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə təqribən 2,5 milyard kubmetr təşkil edib. Təbii qaz ixracında 0,5 faiz, istehlakında isə 4,9 faiz artım qeydə alınıb.

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,4 milyon tondan çox neft, 679 milyon kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 556,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.