SOCAR və “Wood Mackenzie” müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər

2026.07.22 16:49 (UTC+04:00)

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wood Mackenzie” şirkətinin sədri və baş analitiki Saymon Flauers ilə görüşüb.

SOCAR-ın məlumatına görə, görüşdə Azərbaycanın qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyi məmnunluqla qeyd olunub.

Qonaqlara SOCAR-ın strateji hədəfləri, beynəlxalq enerji şirkətinə transformasiyası istiqamətində görülən işlər, enerji sektorunun müxtəlif istiqamətləri üzrə fəaliyyəti, Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.

Söhbət zamanı SOCAR ilə “Wood Mackenzie” arasında formalaşmış uğurlu əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər qlobal enerji bazarlarında mövcud meyilləri nəzərdən keçirib, neft və qaz emalı, bərpaolunan enerji, dekarbonizasiya, eləcə də rəqəmsallaşma və analitik həllərin enerji sektorunda tətbiqi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.