İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.
Səfər çərçivəsində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovun iştirakı ilə keçirilən iclasda ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
Dövlət başçıları tərəfindən müəyyən edilmiş hədəflərə uyğun olaraq, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişaf etdirilməsinin qarşılıqlı ticarətin və regional bağlantıların gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə təşəbbüslərin maliyyələşdirilməsində rolu, sənaye kooperasiyasının inkişafı, geoloji kəşfiyyat və energetika sahələrində əməkdaşlıq qeyd olunub.
Bildirilib ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət və investisiya əlaqələri dinamik inkişaf edir. Qarşılıqlı ticarətin və ixrac imkanlarının genişləndirilməsi, strateji investisiya layihələrinin icrası istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb. Sənaye, energetika, tikinti, infrastruktur, kənd təsərrüfatı, avtomobil istehsalı, turizm və şəhərsalma, dağ-mədən və metallurgiya, nəqliyyat-logistika və xidmət sahələrində birgə layihələrin həyata keçirilməsi, işbirliyinin möhkəmləndirilməsi imkanları diqqətə çatdırılıb.
İclasın yekununda Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının Protokolu imzalanıb. Sənəddə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər əksini tapıb.
Həmçinin “AzerGold” QSC, Özbəkistanın “Uzbekgeologorazvedka” SC şirkəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin iştirakı ilə geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə müəssisənin yaradılmasına dair Şərtlər Toplusu imzalanıb. Birgə təşəbbüs Özbəkistan ərazisində perspektivli sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması və iqtisadi cəhətdən səmərəli investisiya layihələrinin hazırlanması istiqamətində tərəfdaşlığı nəzərdə tutur. Layihənin dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan sənaye və investisiya əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyi qeyd olunub.
-----
14:24
Özbəkistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla birlikdə Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak etdik.
Dövlət başçılarımız tərəfindən müəyyənləşdirilmiş hədəflərə uyğun olaraq ticarət-investisiya tərəfdaşlığının dərinləşdirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı, həmçinin investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük.
İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, səhiyyə, ətraf mühitin mühafizəsi və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol, həmçinin “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə iştirakı ilə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə üçtərəfli birgə müəssisənin yaradılması ilə bağlı Şərtlər Toplusu imzalandı.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.