Sahibkarların təklifləri müzakirə edilib

2026.07.17 11:18 (UTC+04:00)

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi və birgə əməkdaşlıq istiqamətində işlər davam etdirilir. Növbəti belə görüş Azərbaycan Respublikasının İqtisadi Şurasının Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupunun Vergi Altqrupunun Koordinasiya Qrupu nümayəndələri ilə təşkil edilib.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov görüş iştirakçılarına vergi inzibatçılığında bir sıra istiqamətlərdə aparılan müvafiq təkmilləşdirilmə işləri ilə bağlı geniş məlumat verib. O cümlədən vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ödənişlərin real vaxt rejimində işlənməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlər, sərəncamların tətbiqi ilə bağlı icra olunan pilot layihə barədə yeniliklər diqqətə çatdırılıb.

Görüş zamanı Koordinasiya Qrupu tərəfindən biznes nümayəndələrindən toplanılan ümumiləşdirilmiş hər bir təklif üzrə müzakirələr aparılıb. Bundan başqa, mikro sahibkarlara verilən güzəştlər, kənd təsərrüfatı məhsullarından hazırlanan məhsullara və təkrar bazar əməliyyatlarına ƏDV-nin ticarət əlavəsinə tətbiqi, sadələşdirilmiş vergi üzrə dövriyyə limitinin artırılması, vergi inzibatçılığı və şikayətlərə dair təkliflər çərçivəsində kameral vergi yoxlamaları nəticəsində bank hesablarına sərəncam qoyulması təcrübəsinin təkmilləşdirilməsi, riskli vergi ödəyicisi statusunun tətbiqi, şikayətlərə baxılma müddətlərinin qısaldılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələləri qeyd edilib.

Müzakirələr zamanı qanunvericilik sahəsində beynəlxalq təcrübənin araşdırılması, iqtisadi göstəricilər əsasında qiymətləndirilmələr aparılması və sosial-iqtisadi aspektlərin nəzərə alınması meyarları barədə geniş izahlar verilib.

Görüşdə, həmçinin, biznes sektorunun inkişafını təşviq edə biləcək təkliflər ətrafında fikir mübadiləsi aparılıb.