İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri xanım Denisa Sakova ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı, yüksək səviyyəli təmasların və iqtisadi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə verdiyi töhfə, həmçinin bu istiqamətdə qarşılıqlı təşəbbüslərin önəmi vurğulanıb.
Tərəflər biznes və ticarət əlaqələrinin fəal dəstəklənməsi, enerji tədarükünün şaxələndirilməsi, sənaye, turizm, rəqəmsallaşma sahələrində birgə fəaliyyətin və investisiyaların təşviqi imkanlarını müzakirə edblər.
Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilər və sənaye, əczaçılıq, maliyyə, kənd təsərrüfatı, İKT, turizm, nəqliyyat, logistika, səhiyyə, daşınmaz əmlak və digər sahələri təmsil edən 100-ə yaxın şirkət nümayəndəsi iştirak ediblər.
Biznes forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində artan rolu, əlverişli işgüzar mühiti, nəqliyyat-logistika imkanları, eləcə də investorlar üçün təqdim edilən güzəştlər işbirliyi üçün yeni imkanlar açır.
Azərbaycanda investorlar üçün yaradılan fürsətlər barədə məlumat verilib. Ticarət, investisiya, sənaye, enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə istehsalın təşviqi və yeni investisiya layihələrinin həyata keçirilməsi üçün geniş potensialın olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Ağdamda Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlinin qoyulması və həmin kənddə "Ağıllı kənd" layihəsinin icrası iki ölkə arasında əməkdaşlığın uğurlu nümunəsidir.
Nazir Qarabağın bərpasına verdiyi töhfəyə görə Slovakiya tərəfinə təşəkkürünü ifadə edib, forumun yeni biznes əlaqələrinin qurulmasına, qarşılıqlı investisiyaların artmasına və iqtisadi işbirliyinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri xanım Denisa Sakova ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, iki ölkənin biznes dairələri arasında birbaşa təmasların artırılması, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və prioritet sahələr üzrə səmərəli əməkdaşlığın genişləndirilməsi ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə töhfə verə bilər.
Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və SARIO-nun xarici ticarət departamentinin rəhbəri Daniel Ondruş iki qurum arasında ixrac və investisiyaların təşviqi, biznes dialoqunun dəstəklənməsi və şirkətlər arasında əlaqələrin qurulması istiqamətində əməkdaşlığın davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, forum hər iki ölkədən müxtəlif sahələri təmsil edən şirkət və qurumları bir araya gətirərək yeni tərəfdaşlıqların formalaşdırılması üçün praktiki platforma rolunu oynayır.
Tədbirdə slovakiyalı həmkarlar bu ilin sentyabrında ölkəmizdə keçirilməsi planlaşdırılan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunublar.
Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosu və “Slovakia Travel” milli turizm təşkilatı arasında işbirliyinin inkişafını nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.
Forumda Azərbaycan və Slovakiyanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib.
Biznes forum B2B formatda görüşlərlə davam edib.