Əmək Məcəlləsinə yeni anlayış  daxil ediləcək

2019.09.09 10:10 (UTC+04:00)

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, layihədə Əmək Məcəlləsinə yeni anlayış - "Ailə vəzifələri olan işçi" əlavə edilməsi nəzərdə tutulur.

Məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə "Ailə vəzifələri olan işçi" anlayışı "himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi" kimi təqdim edilir.

Bununla paralel olaraq, Əmək Məcəlləsinin "Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi" adlanan 16-cı maddəsinə əlavə olunmaqla müəyyən ediləcəkdir ki, əmək münasibətlərində digər amillərlə yanaşı, "ailə vəzifələri" amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.

Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin ölkəmizin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir.