Yanvar-iyun aylarında pensiyalara 3,9 milyard manatdan çox vəsait yönəldilib

2026.07.14 14:56 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (368 milyon manat) çox olmaqla 3,916 milyard manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və 1 iyul 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-iyun ayları ərzində 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 201 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.