İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən gənclərin peşəkar inkişafının dəstəklənməsi və vergi sahəsinə marağının artırılması məqsədilə ali təhsil ocaqlarının tələbələri üçün həyata keçirilən “Yay Təcrübə Proqramı” çərçivəsində yay düşərgəsi başa çatıb.
Proqramın ilkin mərhələlərindən uğurla keçən 61 tələbə DVX-nin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində bir həftə ərzində təlimlərdə iştirak edərək bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı qazanıb. Düşərgə müddətində tələbələrə DVX-nin mütəxəssisləri və dəvət edilmiş kənar təlimçilər tərəfindən müxtəlif mövzularda təlimlər keçirilib. Təlimlər zamanı vergi siyasəti, vergi ödəyiciləri ilə münasibətlər, vergilərin hesablanması və ödənilməsinin əsasları, öhdəliklərin icrası, eləcə də emosional zəka və fərdi səriştələrin inkişafı istiqamətində məlumatlar təqdim olunub.
Yay düşərgəsi çərçivəsində DVX əməkdaşları tələbələrə öz uğur hekayələrini danışıblar və karyera perspektivləri haqqında faydalı tövsiyələr veriblər.
Bundan əlavə, interaktiv oyunlar və komanda işləri vasitəsilə tələbələrin əməkdaşlıq, problemləri həll etmək və liderlik bacarıqları gücləndirilib. Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif əyləncələr və sosial fəaliyyətlər təşkil olunub.
Qeyd edək ki, düşərgədən sonra tələbələr DVX-nin struktur idarələrində 8 həftəlik təcrübəyə başlayıblar. Təcrübə proqramı iştirakçılara real iş mühitində praktiki bacarıqlar qazanmaq, vergi xidmətinin gündəlik fəaliyyətində iştirak etmək və nəzəri biliklərin tətbiq etmək imkanı yaradacaq.