Azərbaycan ilk dəfə Eqmont Qrupunun Plenar İclasına ev sahibliyi edib

2026.07.10 15:44 (UTC+04:00)

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) təşkilatçılığı ilə Maliyyə Kəşfiyyatı Orqanlarının vahid beynəlxalq təşkilatı olan Eqmont Qrupunun 32-ci plenar iclası keçirilib.

İyulun 5-10-nu əhatə edən tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən Maliyyə Kəşfiyyatı Orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Plenar iclas, işçi və regional qrupların görüşləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə (ƏL/TMM) beynəlxalq əməkdaşlığın gücləndirilməsi, maliyyə kəşfiyyatı sahəsində aktual çağırışlar və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Eqmont Qrupunun sədri Elzbieta Frankov-Jaskievicz plenar iclası açaraq bildirib ki, tədbir maliyyə kəşfiyyatı orqanlarının bir araya gələrək fikir mübadiləsi apardıqları və maliyyə cinayətləri ilə mübarizədə birgə fəaliyyətlərini gücləndirdikləri mühüm platformadır.

Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) Prezidenti Giles Thomson çıxışında maliyyə cinayətləri ilə mübarizədə beynəlxalq əməkdaşlığın, maliyyə kəşfiyyatı məlumatlarının operativ mübadiləsinin və qlobal tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın ilk dəfə Eqmont Qrupunun Plenar İclasına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq maliyyə təhlükəsizliyi sahəsində əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Sürətli rəqəmsallaşma və maliyyə texnologiyalarının inkişafı fonunda dövlət və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsi, maliyyə kəşfiyyatı orqanları ilə aidiyyəti qurumlar arasında operativ məlumat mübadiləsinin genişləndirilməsi maliyyə cinayətləri ilə mübarizənin effektivliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə çıxışında bildirib ki, Azərbaycan üçün Eqmont Qrupunun nümayəndələrini Bakıda qəbul etməkdən məmnunluq duyur: “Əminik ki, keçirilmiş müzakirələr beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə və maliyyə cinayətləri ilə mübarizədə ortaq səylərimizin inkişafına mühüm töhfə verəcək”.

2026-cı il Plenar İclasının əsas mövzularından biri maliyyə cinayətlərinin dəyişən xarakteri fonunda dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi olub. Bu çərçivədə maliyyə kəşfiyyatı orqanları, hüquq-mühafizə və nəzarət qurumları, eləcə də maliyyə sektoru nümayəndələri arasında məlumat mübadiləsinin və birgə fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Eqmont Qrupu dünya üzrə maliyyə kəşfiyyatı orqanlarını birləşdirən beynəlxalq təşkilat olaraq üzvlər arasında təhlükəsiz informasiya mübadiləsini, peşəkar inkişafı və maliyyə cinayətləri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini təşviq edir.

AZƏRTAC