tedaruk.az portalı üzərindən dəyəri 67 milyon manata yaxın məhsul satın alınıb

2026.07.10 14:19 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında məhsulların dövlət sifarişi ilə satın alınması portalı (tedaruk.az) üzərindən aparılan əməliyyatlarda dəyəri 66,9 milyon manatdan çox təşkil edən məhsul satın alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu müddət ərzində 112 satınalan təşkilat elektron platforma vasitəsilə 83 istehsalçı və satıcıdan 228 növdə ərzaq məhsulunun tədarükünü 8845 sifariş üzərindən həyata keçirib. Sifarişlər ölkənin 73 regionunu əhatə edib.

Tedaruk.az elektron portalı dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması prosesinin vahid platforma üzərindən həyata keçirilməsini təmin etməklə satınalma prosesinin operativliyinin, şəffaflığının və səmərəliliyinin artırılmasına xidmət edir. Eyni zamanda, portal yerli istehsalçı və satıcıların dövlət satınalmalarında iştirak imkanlarını genişləndirərək onların bazara çıxışına əlavə dəstək verir.