Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışının əlçatanlığı artırılıb. Belə ki, 10 iyul 2026-cı il tarixindən etibarən vətəndaşlar Mərkəzi Bankın “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” (https://coin.e-cbar.az) vasitəsilə etdikləri sifarişlər üzrə pul nişanlarını təhvil almaq üçün artıq “TuranBank” ASC və “Bank of Baku” ASC-ni də seçə biləcəklər. Bununla da, qeyd olunan banklar Mərkəzi Bankın investisiya pul nişanları ilə yanaşı, həm də “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”nin satış agentləri kimi müəyyən olunublar.
Vətəndaşlar tədavüldə olan yubiley və xatirə pul nişanları barədə məlumatları Mərkəzi Bankın rəsmi internet səhifəsinin “Milli pul nişanları” (https://www.cbar.az/moneymarks/coins?category=2) bölməsindən əldə edə, onlayn satış sistemi vasitəsilə sifarişlərini elektron qaydada qeyd edə bilərlər.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən qızıl, gümüş və kupronikel yubiley və xatirə pul nişanlarının tədavülə buraxılmasının əsas məqsədi ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm tarixi hadisələrin əks etdirilməsi, milli mədəni irsin və incəsənətin beynəlxalq ictimaiyyətə tanıdılması, Azərbaycanın flora və faunasının təbliği, habelə görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsidir.