Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Vergi islahatlarının nəzəriyyəsi və praktikası” mövzusunda XVIII Beynəlxalq Simpozium keçirilib. Tədbirdə Rusiya Federal Vergi Xidmətinin Neva Akademiyası, Sankt-Peterburq Politexnik Universitetinin İqtisadiyyat və Sənaye Menecmenti İnstitutu, digər elm-təhsil müəssisələri, habelə Çin Xalq Respublikası, Almaniya, Özbəkistan və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə texnoloji innovasiyaların fiskal stimullaşdırılmasının nəzəri-metodoloji, infrastruktur və praktiki aspektləri, vergidən yayınma halları ilə mübarizədə innovasiyaların rolu, regional və sahəvi çağırışlar, süni intellekt və texnologiyaların tətbiqində və ölkənin texnoloji suverenliyinin təmin edilməsində vergi siyasətinin strateji istiqamətləri kimi mövzular müzakirə edilib. İştirakçılara texnoloji innovasiyaların vergi stimullaşdırılması üzrə müsbət təcrübələr təqdim olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev tədbirdə iştirak edib. N.Əliyev “Vergi cinayətkarlığı ilə mübarizədə innovativ texnologiyaların istifadəsi” və “Texnoloji innovasiyaların vergi stimullaşdırılması üzrə Azərbaycan təcrübəsi” mövzularında təqdimatlarla çıxış edib. DVX təmsilçisi simpozium çərçivəsində keçirilmiş “Vergi inzibatçılığı sistemində rəqəmsal analitika” mövzusunda təlimdə də iştirak edib.