Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Nazirlər İclası keçirilib

2026.07.08 16:29 (UTC+04:00)

Bakıda “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində Nazirlər/Rəhbər Komitənin 12-ci iclası keçirilib.

İclas zamanı “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər nəzərdən keçirilib. “CESI S.p.A.” şirkəti tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) yekun nəticələrinə dair təqdimat dinlənilib. Həmçinin “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) layihənin icra vəziyyəti və texniki-iqtisadi əsaslandırma mərhələsindən sonrakı inkişaf istiqamətlərini əhatə edən hesabatı təqdim edilib. Layihənin maliyyələşdirilməsi məsələləri, eləcə də bərpa olunan enerji sahəsində regional inkişaflar nəzərdən keçirilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ölkələrimizin ortaq siyasi iradəsinin, strateji tərəfdaşlığının və qarşılıqlı etimadının bariz nümunəsidir.
Müzakirələrin nəticəsi olaraq texniki-iqtisadi əsaslandırma mərhələsinin başa çatdığı və layihənin rəsmi olaraq növbəti inkişaf mərhələsinə keçdiyi bəyan edilib. GECO şirkətinə Yekun İnvestisiya Qərarının qəbulunadək görüləcək tədbirləri əhatə edən ətraflı yol xəritəsinin hazırlanması tapşırılıb. Layihənin icrasının tənzimləyici əsaslarının gücləndirilməsi məqsədilə iştirakçı ölkələrin milli enerji tənzimləyici orqanları arasında əməkdaşlıq dialoqunun qurulması barədə razılıq əldə olunub.

Müzakirələrin yekununda iclasın nəticələrini əks etdirən Protokol, habelə Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanlanmış “Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa İttifaqının Qarşılıqlı Maraq Kəsb edən Layihələr və Ümumi Maraq Kəsb edən Layihələr üzrə 3-cü siyahısına daxil edilməsi məqsədilə layihənin həyata keçirilməsinə dəstək və sadiqlik haqqında Birgə Məktub” imzalanıb.

Növbəti iclasın bu ilin noyabrında Rumıniyada keçirilməsinə qərar verilib.