Pirallahı Sənaye Parkında 76,3 milyon manatlıq məhsul istehsal edilib

2026.07.08 12:48 (UTC+04:00)

Pirallahı Sənaye Parkı qeyri-neft sənayesinin inkişafı, əczaçılıq sahəsinin genişləndirilməsi və əhalinin dərman vasitələrinə tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, hazırda sənaye parkında 6 rezident fəaliyyət göstərir. Park üzrə ümumi investisiya portfeli 175,64 milyon manat təşkil edir. Bunun 98,23 milyon manatı artıq layihələrin icrasına yönəldilib.

Parkda həyata keçirilən layihələr çərçivəsində müəssisələrdə 201 nəfər daimi işlə təmin olunub. Layihələrin tam icrası nəticəsində isə ümumilikdə 515 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Rezidentlər tərəfindən bu günədək ümumi dəyəri 76,3 milyon manatlıq məhsul istehsal edilib.

Pirallahı Sənaye Parkı investorlar üçün yaradılan əlverişli biznes mühiti hesabına ölkədə müasir əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın genişlənməsinə mühüm töhfə verir.