Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən mebel sahəsində keyfiyyət və təhlükəsizlik normalarını beynəlxalq tələblərə uyğunlaşdıran ümumilikdə 31 yeni dövlət standartı qəbul edilib.
Bu sənədlər ofis, təhsil, açıq məkan, məişət və ticarət mebellərinin funksional ölçülərini, mexaniki təhlükəsizliyini, eləcə də materialların kimyəvi və radioloji sınaq metodlarını əhatə edir.
Standartların tətbiqi yerli mebel sənayesini inkişaf etdirməyə, məhsulların rəqabət qabiliyyətini və xarici bazarlara ixrac potensialını artırmağa xidmət edir. Eyni zamanda, sahibkarlığın dəstəklənməsi və insan sağlamlığına zərərsiz, təhlükəsiz məhsulların istehsalı vasitəsilə istehlakçıların tələblərinin qarşılanması hədəflənir.