ƏDV bəyannaməsi və əlavəsi Vergi Məcəlləsindəki dəyişikliklərə uyğunlaşdırılıb

2019.01.08 12:20 (UTC+04:00)

Vergilər nazirinin əmri ilə "Əlavə dəyər vergisinin bəyannaməsi"nə və ona 5 nömrəli əlavəyə və onların tərtib edilməsi qaydalarına dəyişikliklər edilib. Dəyişikliyə əsasən, ƏDV bəyannaməsinin 5№-li əlavəsi Vergi Məcəlləsinin 164-cü və bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin ƏDV-dən azad əməliyyatları olduqda tərtib və təqdim edilir. Vergi ödəyicilərinə əlavənin tərtib edilməsi qaydaları ilə tanış olmaq, eyni zamanda tərtibat zamanı müvafiq işarə və simvollardan istifadə etməmək şərti ilə bütün yazı damalarını yalnız böyük çap hərfləri ilə doldurmaq tövsiyə olunur. Əlavə kağız formada doldurularkən qara və ya göy rəngli diyircəkli qələmlə tərtib edilməsi mütləq şərt kimi müəyyən olunub. Əlavə doldurularkən qaralamalara və düzəlişlərə yol verilmir.

Dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcəkdir.