Vergi təşviqlərinin dayanıqlı fəaliyyətə keçiddə rolu artır MƏQALƏ

2026.07.03 15:49 (UTC+04:00)

Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində aşağı karbonlu fəaliyyətə keçid mühüm rol oynayır. Bu model iqtisadi artım üçün vacib olan resursların qorunması və ətraf mühitə mənfi təsirlərin aradan qaldırılmasına imkan verir. Aşağı karbonlu iqtisadiyyata keçidin dəstəklənməsi iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi, istixana qazı emissiyalarının azaldılması və davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından da mühüm xarakter daşıyır. Bu keçid bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirir, enerji səmərəliliyini artırır, fosil yanacaqlardan asılılığı azaldır və ətraf mühitin qorunmasına töhfə verir. Eyni zamanda, yaşıl texnologiyalara və innovativ istehsal sahələrinə investisiyaların artmasına, yeni məşğulluq imkanlarının yaranmasına və iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır. Bundan əlavə, aşağı karbonlu iqtisadiyyat əhalinin sağlamlığına mənfi təsirlərin azalmasına, enerji təhlükəsizliyinin güclənməsinə və uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsinə də müsbət təsir göstərir. Bu baxımdan bir sıra ölkələr yeni biznes təcrübələri tətbiq edirlər.

Azərbaycanda aşağı karbonlu iqtisadiyyata keçidi təşviq edən və ekoloji,
sosial və korporativ idarəetmə ESG prinsiplərinin tətbiqini stimullaşdıran
bir sıra tədbirlər həyata keçirilir

Dekarbonizasiyaya keçidi təşviq edən təcrübələr

Karbon qiymətləndirilməsi siyasəti getdikcə daha çox ölkənin gündəmində yer almaqdadır və bu proses xüsusilə inkişaf etməkdə olan böyük iqtisadiyyatları əhatə edir. Karbon qiymətləndirilməsi alətlərinin coğrafi əhatə dairəsi genişlənməkdə davam edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT/OECD) hesabatlarına əsasən, hazırda Braziliya, Hindistan və Türkiyə emissiya ticarəti sistemlərinin (ETS) yaradılması istiqamətində fəaliyyət göstərirlər. Bununla yanaşı, Latın Amerikası və Karib hövzəsi ölkələrində (məsələn, Çili və Kolumbiya), eləcə də Asiya ölkələrində (Malayziya, Filippin, Tailand və Vyetnam) emissiya ticarəti sistemlərinin və ya karbon vergisinin tətbiqi istiqamətində hazırlıq işləri aparılır və ya bu imkanlar nəzərdən keçirilir. Yaponiyada könüllü əsasda fəaliyyət göstərən ETS sistemi 2023-cü ilin oktyabr ayından qüvvədədir. Braziliyada yaradılması nəzərdə tutulan ETS-nin iqtisadiyyatın geniş sektorlarını əhatə etməsi və daxili karbon kreditləri bazarı ilə inteqrasiya olunması planlaşdırılır. Hindistanda ETS-nin əsasən sənaye sektorundan yaranan emissiyaların tənzimlənməsinə yönəlməsi, Türkiyədə sistem elektrik enerjisi və sənaye sektorlarının emissiyalarını əhatə etməsi nəzərdə tutulur. 2025-ci ilin mart ayında Çin milli emissiya ticarəti sisteminin əhatə dairəsini sement, polad və alüminium istehsalı sektorlarını da daxil etməklə genişləndirib. Avropa İttifaqının ETS 2 sistemi isə 2027-ci ildən tətbiq olunacaq və nəqliyyat, istilik təchizatı, eləcə də bəzi kiçik sənaye obyektlərində istifadə olunan yanacaqlara yuxarı axın (upstream) prinsipi əsasında şamil ediləcək. Yuxarı axın prinsipi karbon qiymətləndirilməsi və vergi sistemlərində emissiyaların mənbədə deyil, yanacağın bazara daxil olduğu erkən mərhələdə vergiyə və ya kvotaya cəlb edilməsi deməkdir. 2024-cü ildə Danimarkada qəbul edilmiş "Yaşıl Danimarka" (A Green Denmark) tədbirlər planı çərçivəsində 2030-cu ildən kənd təsərrüfatı sektorunda yaranan istixana qazı emissiyalarına vergi tətbiq edilməsi barədə üçtərəfli razılaşma əldə olunub. Bu, kənd təsərrüfatında enerji istehlakı ilə əlaqəli olmayan emissiyalara tətbiq edilən ilk karbon qiymətləndirilməsi aləti olacaq. Eyni zamanda, Yeni Zelandiya hökuməti də 2030-cu ildən gec olmayaraq kənd təsərrüfatı emissiyalarının ETS-dən fərqli mexanizm vasitəsilə qiymətləndirilməsini planlaşdırır.

Yaşıl artıma dəstək tədbirləri

Azərbaycanda aşağı karbonlu iqtisadiyyata keçidi təşviq edən və ekoloji, sosial və korporativ idarəetmə ESG prinsiplərinin tətbiqini stimullaşdıran bir sıra tədbirlər həyata keçirilir. Yaşıl investisiyaların dəstəklənməsi üçün ətraf mühitə müsbət təsir göstərən və enerji səmərəliliyini dəstəkləyən layihələrə vergi güzəştləri verilir. Bu baxımdan, elektrik və hibrid avtomobillər üçün vergi güzəştləri, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularına tətbiq olunan güzəştlər, investisiya təşviqi sənədi üzrə təşviqlər, köhnə maşınların ölkəyə idxalı zamanı aksiz vergisinin yüksəldici əmsalla tətbiqi və s. həyata keçirilir. Dövlət − özəl sektor tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaşlara, bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə isə istehsalçılara müvafiq müqavilələrdə müəyyənləşdirilmiş müddətdə, lakin 30 ildən çox olmayaraq mənfəət (gəlir), əmlak, torpaq, idxalda ƏDV üzrə güzəştlər verilib. OECD-nin mütəxəssisləri qeyd edirlər ki, vergi siyasəti baxımından aşağı karbonlu iqtisadiyyata keçid karbon vergiləri, emissiya ticarəti sistemləri və yaşıl vergi stimulları vasitəsilə ekoloji cəhətdən məsuliyyətli istehsal və istehlak davranışlarını təşviq edir. Bu alətlər bir tərəfdən dövlət büdcəsinə əlavə gəlirlər formalaşdırır, digər tərəfdən isə müəssisələri və istehlakçıları daha təmiz texnologiyalara və ekoloji dayanıqlı fəaliyyət modellərinə keçməyə sövq edir. Nəticədə iqtisadi artımla ətraf mühitin qorunması arasında daha balanslı və davamlı inkişaf modeli formalaşır.

Gülay NƏBİYEVA