İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə), - əməkhaqqından başqa, - onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəliri hesab olunur. Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN almalı və əldə olunan gəlirdən, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq, 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidirlər. Gəlirin əldə edildiyi vaxt alınmış kriptovalyutanın təqdim olunduğu vaxt hesab edilir və vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür.
Əlavə olaraq bildirilib ki, vergi ödəyicisi tərəfindən kriptovalyuta alğı-satqısı üzrə həyata keçirilən nağdsız ödəniş əməliyyatları, Vergi Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq, açılmış hesablar üzərindən aparılmalıdır.mHəmçinin, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 12-ci abzasına əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır. “Tibbi sığorta haqqında” Qanunun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən, Vergi Məcəlləsinə uyğun olaraq, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər.
Göründüyü kimi, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxsin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
İqtisadi fəaliyyət növlərinin 7 rəqəmli kodları üçün bura daxil ola bilərsiniz: https://xidmet.info/vahid-standartlar/ifnvs/
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 35-ci, 99-cu, 101-ci və 149-cu maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar