Bakıda QDTİB və AZPROMO-nun təşkilatçılığı ilə Biznes Forum keçirilib

2026.07.02 11:31 (UTC+04:00)

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 28-ci İllik Toplantısı çərçivəsində QDTİB və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə “Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda” mövzusunda Biznes Forum keçirilib.

Tədbiri giriş sözü ilə açan maliyyə naziri Sahil Babayev ölkəmizin Avropa və Asiyanı birləşdirən strateji qovşaq rolunu vurğulayıb. Nazir iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi və xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı üçün QDTİB ilə tərəfdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

QDTİB-nin Prezidenti Sərhat Köksal öz çıxışında Azərbaycanın qeyri-neft sektorunun inkişafı və karbohidrogenlərdən asılılığın azaldılması istiqamətindəki uğurlu siyasətini yüksək qiymətləndirib. O bildirib ki, 20 ildən artıq davam edən əməkdaşlıq çərçivəsində Bank müxtəlif sahələri əhatə edən layihələri dəstəkləyərək yeni iş yerlərinin açılmasına və dayanıqlı artıma mühüm töhfə verib.

Biznes Forum daha sonra yeni tərəfdaşlıqların qurulması məqsədilə panel sessiyaları və maliyyə institutları arasında ikitərəfli (B2B) işgüzar görüşlərlə davam edib.