Statistik göstəricilər Azərbaycan iqtisadiyyatının uğurlu inkişafından xəbər verir

2019.09.06 15:30 (UTC+04:00)

- Azər müəllim, bu gün ölkəmiz bütün sahələr üzrə inkişafını uğurla davam etdirir. Əldə olunan nəticələri necə dəyərləndirirsiniz?

- Dövlət idarəedilməsində düzgün siyasi-iqtisadi xətt formalaşdırılanda, təbii ki, uğurlar da davamlı olur. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramları, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas 11 sektoru üzrə Strateji yol xəritələri iqtisadiyyatın şaxələnməsinə və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun artırılmasına yönəldilib. Əgər biz cari ilin 6 ayında iqtisadi artımın tərkibinə nəzər yetirsək, görəcəyik ki, yola saldığımız 6 ayda qeyri-neft sektoru üzrə gəlirlərdə kifayət qədər artımlar əldə olunub.

- Qazanılmış uğurların əsasında hansı faktorlar dayanır?

- 2008-ci ildə dünyada iqtisadi böhran dərinləşməyə başlayanda Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet elan etmişdi. Bu sektorda diversifikasiya siyasəti önə çəkilmiş və iqtisadiyyatın ayrı-ayrı sektorlarına fərdi yanaşma ortaya qoyulmuşdu. 2010-cu il “Ekologiya ili”, 2011-ci il “Turizm ili”, 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili”, 2014-cü il “Sənaye ili”, 2015-ci il “Kənd təsərrüfatı ili” elan olundu və hər il iqtisadiyyatın müxtəlif sahələri üzrə inkişafın təməlləri yaradıldı. Regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrası bölgələrdə iqtisadi potensialı artırdı. Kosmik sənayenin, sənaye parklarının, sənaye məhəllələrinin, aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması yeni, müasir standartlara cavab verən çoxçeşidli məhsulların istehsalına və ixracına imkan yaratdı. Vergi və gömrük sahələri üzrə əsaslı dəyişikliklər və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Bu ilin 6 ayının statistik göstəriciləri də bunu deməyə imkan verir.

Vergi və gömrük sahələri üzrə əsaslı dəyişikliklər və iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində atılan addımlar öz müsbət nəticələrini verməkdədir

- Bütün bu statistik artım ümumi göstəricilərdə öz əksini necə tapır?

- Yuxarıda qeyd etdiyim kimi, cari ilin statistik göstəriciləri iqtisadiyyatımızın uğurlu inkişafından xəbər verir. ÜDM 2,4 faiz artaraq 37,8 milyard manat olub. ÜDM-də qeyri-neft sektoru 3,2 faiz artıb. Qeyri-neft sənayesi 16,8 faiz, informasiya və rabitə sahəsi 15,8 faiz, turizm və ictimai iaşə 3,3 faiz, ticarət 2,8 faiz, kənd təsərrüfat sektoru 13,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 2,5 faiz artım qeydə alınıb. Əhalinin nominal gəlirləri 6,6 faiz artaraq 27,4 milyard manat təşkil edib. İnflyasiya 2,5 faiz həddində olub, ölkənin valyuta ehtiyatları 49 milyard dollara çatıb. Dövlət proqramlarında və proqnozlarda müəyyən edilmiş hədəflər icra olunduqca, ilin sonuna doğru bu göstəricilər daha pozitiv xarakter alacaqdır.

- Sentyabrın 1-dən əmək haqları artırıldı. Bu barədə nə deyə bilərsiniz?

- 2019-cu il ölkəmizin sosial-iqtisadi həyatında böyük uğurlarla, yeniliklərlə yadda qalan sosial islahatlar ili kimi başlayıb və davam etməkdədir. İlin əvvəlində ölkə başçısının sərəncamları ilə minimum əmək haqları və əmək pensiyaları artırılıb. İlin ikinci yarısında isə ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan növbəti addım olaraq yenə də minimum əməkhaqqının, o cümlədən bir sıra kateqoriyalar üzrə əmək haqlarının və əmək pensiyalarının artırılması istiqamətində yeni sərəncamlar imzalandı. Artıq bu sərəncamların əksəriyyəti sentyabrın 1-dən qüvvəyə minib. Əmək pensiyaları isə oktyabrın 1-dən artacaqdır. Qeyd etmək lazımdır ki, əvvəlki sərəncamlardan fərqli olaraq, bu sərəncamlarla əmək haqları ayrı-ayrı sahələr üzrə yüksək faizlərlə - 20 faizdən 50 faizədək artırılır. Yəni, sosial ədalət gözlənilir və hər bir sahədə çalışan işçiyə mütənasib qaydada əməkhaqqı ödəniləcəkdir.
Ölkə iqtisadiyyatı gücləndikcə sosial sahədə atılan addımlar daha da dərinləşəcək və davamlı xarakter alacaqdır. Ümumiyyətlə, bu onu deməyə imkan verir ki, dövlət siyasətində sosial siyasət ilk yerdədir və cənab Prezidentin atdığı bütün addımlar insanların rifahının daha da yaxşılaşmasına yönəldilib.

Kənd təsərrüfatının dövlət qayğısı ilə əhatə olunmasının göstəricisidir ki, bu gün əhalinin bitkiçilik məhsulları ilə təminatı 100 faizə çatdırılıb, heyvandarlıq məhsulları ilə özünü təminetmə isə 90 faizə yaxındır

- Ölkəmizdə aqrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir…

- Aqrar sektorun inkişafı ölkə iqtisadiyyatı üçün daim ön planda olub. Çünki inkişaf etmiş aqrar sektora malik olmaq - ölkənin ərzaq təhlükəsizliyinin təminatı deməkdir. Qloballaşan dünyada ərzaq təhlükəsizliyi məsələsi günü-gündən daha da aktuallaşmaqdadır. Məhz bu baxımdan, Azərbaycan dövləti aqrar sektorun inkişafına xüsusi önəm verir. Kənd təsərrüfatının dövlət qayğısı ilə əhatə olunmasının göstəricisidir ki, bu gün əhalinin bitkiçilik məhsulları ilə təminatı 100 faizə çatdırılıb, heyvandarlıq məhsulları ilə özünü təminetmə isə 90 faizə yaxındır.

Artıq Azərbaycanda aqrar sektora yeni - elmi əsaslarla yanaşma ortaya qoyulub. Ekstensiv becərmə metodlarından intensiv üsullara keçid, elektron kənd təssərüfatının yaradılması bu istiqamətdə aparılan işlərin bariz nümunəsidir. Artıq dövlət fermerin yanına gedir və şəffaf şəkildə birbaşa fermer-dövlət münasibətləri yaradılır.

Məhz dövlətin aqrar sektora yüksək dəstəyinin göstəricisidir ki, cari ilin birinci yarısında bu sahə üzrə artım 13,1 faiz təşkil edib. Düşünürəm ki, nəzərdə tutulmuş layihələrin icrası başa çatdıqca iqtisadiyyatın bu sektorunda daha böyük artımlar əldə olunacaq.

Müsahibəni hazırladı: Fəxriyyə İKRAMQIZI